Şeyxdən bayram təbriki
18 Mart 2014 12:59 (UTC+04:00)
Novruz Bayramı münasibəti ilə Bütün Qafqazın
Şeyxi Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib. QMİ
mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan təbrik məktubunda
şeyx, hər kəsə Allah-Taaladan səadət və rifah, bol-bol bayram
sevinci diləyir: "Novruz ulu
tariximizdə özəl yeri və önəmi olan xalq bayramıdır. Yaşadığımız
hər bir an, varlığımız üçün Uca Yaradana həmd-səna edən biz
müsəlmanlar Novruz bayramını Allahın böyük Lütfü kimi
dəyərləndiririk. Yer üzünə təravət, yeni ab-hava, torpağa yeni
həyat bəxş edən Novruz həyatın yenilənməsi, dirçəlişinin rəmzi
olub, Ulu Yaradan tərəfindən xəlq olunmuşların ən alisi olan
insanın ruhuna təbiətlə vəhdətdə təkamül səadəti
yaşadır. Yaradanın lütfü sayəsində bu
bayramın dini baxımdan önəm kəsb edən məqamlarla üst-üstə düşməsi
Novruzun mübarəkliyi, ülviliyini daha da artırır. Bəşər övladının
tövhidə gəlməsində önəmli məqam sayılan, müqəddəs Peyğəmbərimizə
ilk vəhyin nazil olduğu təqvimə təsadüf etməsi Novruzun həqiqətən
də ilahi səciyyəsindən qaynaqlanır. İnsan həyatına yenilik,
süfrələrə xeyir-bərəkət bəxş edən el bayramı olan Novruz xalqımızın
tarixi yaddaşında özəl yer tutaraq Uca Yaradana məhəbbəti, Onun
yaratdıqlarına şükür-sənanı, nemətlərinə təvəkkülü və Onun rizası
yolunda xeyirxahlığı təcəssüm etdirir. Bu bayram Vətən övladını xoş
əməllərə, nəcib və xeyirxah işlərə sövq edir, qəlbindəki ülvi
arzuları dirçəldir. Allaha çox şükürlər olsun ki, xalqımız
ildən-ilə hər Novruza daha böyük inamla qədəm qoyur. Hər yeni
Novruz bayramı dövlətimiz və millətimizin uğurlu inkişaf yoluna
rəvac verir, Qarabağda qələbəmizə əzmimizi daha da artırır.
Xalqımız firavan sabahının, dinc sabit həyat və tərəqqisinin
təminini dövlət başçımız Prezident Ilham Əliyev həzrətlərinin
qətiyyət və möhkəm iradə ilə yeritdiyi müdrik dövlət siyasətində
görür və bu intibahlı yolu ürəkdən dəstəkləyir.
Bu gözəl el bayramı münasibətilə sizi bir daha
ürəkdən təbrik edir, hər bir ailəyə səadət, xoş ovqat arzulayıram.
Allahdan diləyim budur ki, Öz Böyük Mərhəmət və Kəramətini
xalqımızın üzərindən əskik etməsin və bütün ülvi arzularımız, xoş
niyyətlərimizin gerçəkləşməsini bizlərə qismət etsin. Qoy Novruzun
qədəmləri mübarək olsun!"