"Moyka"lara qarşı reydlər keçirilir

18 Mart 2014 16:10 (UTC+04:00)
Paytaxtda, eləcə də magistral yolların kənarlarındakı avtomobil yuyucu məntəqələri yolların asfalt örtüyünü dağıtmaqla yanaşı  yollarda avtomobillərin hərəkətinə də maneə yaradır. Bu sözləri Movqe.az-a açıqlamasında "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev söyləyib. P. Mürsəliyev Movqe.az-a açıqlamasında bildirib ki, yuyucu məntəqələr suyu yollara axıdaraq asfalt örtüyünü dağıtmaqla yanaşı avtomobillərin hərəkətinə də çox vaxt maneə yaradır. P. Mürsəliyev bildirib ki, ASC-nin nəzdindəki Yolların Mühafizə İdarəsi avtomobil yuyucu məntəqələrinə qarşı cərimələr tətbiq edir. Və reydlər keçirilir: "Həmin yuyucu məntəqələrin sahibləri İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələnirlər. Amma yolların hamısının mühafizəsinə bizim qurum baxmır. Bəzi yollar, xüsusilə Bakının küçə və prospektləri Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mühafizə edilir".

Bakı Şəhər İcra Hakimiyyətindən isə Movqe.az-a bildiriblər ki, Əsaslı Təmir və Tikinti İdarəsi ilə yanaşı Nəzarət şöbəsi də yollarda vəziyyətə nəzarət edir.