Erkən nikaha girən qızlar uğursuz nikahdan sonra kafe barlarda cinsi istismara məruz qalır
18 Mart 2014 16:40 (UTC+04:00)
Azərbaycanda erkən nikaha daxil olan qızlar əksər hallarda insan
alveri qurbanına çevrilir. Bu sözləri Movqe.az-a açıqlamasında Qadın Krizis Mərkəzinin
rəhbəri Mətanət Əzizova söyləyib. M. Əzizova bildirib ki, erkən
nikahları çoxu uğursuz olduğundan belə ailələrdə boşanmalara çox
rast gəlinir: "Erkən ailə quran qızlar rəsmi olaraq nikaha
girmədiklərindən, ayrıldıqda onlar mülkdən onlara çatacaq paya
sahib çıxa bilmirlər. Uşaqları olduqda belə ayrıldıqdan sonra
yaşamaq üçün evləri olmadığından, təhsilləri olmadıqlarından kafe
və barlarda işə düzəlmək, hətta bu cür yerlərdə gecələmək
məcburiyyətində qalırlar. Belə halda çoxu həmin yerlərdə cinsi
təcavüzə məruz qalır, tədricən insan alveri qurbanlarına
çevrilirlər. Həmin qadınların getməyə, yaşamağa yerlərinin olmaması
onları qarşılaşdıqları mühitdə olan münasibətlə razılaşmaq
məcburiyyətində qoyur".