Azərbaycan ağır hərbi texnikanın istehsalına başlayacaq

19 Mart 2014 07:37 (UTC+04:00)

Bilindiyi kimi, 2014-cü il Azərbaycanda "Sənaye ili" elan olunub. Bu da cari ildə ölkənin sənaye sahəsinə daha böyük nailiyyətlərin əldə olunacağı anlamına gəlir. Qeyd edək ki, sənaye sahəsi çoxşaxəlidir. Bütün digər sahələr bu və ya digər dərəcədə sənaye sektoru ilə bağlıdır. Bu mənada hərbi sənaye də istisna təşkil etmir. Son illər Azərbaycan inkişafdan irəli gələn tendensiyaya uyğun olaraq artıq özü hərbi texnika və silahlar istehsalına başlayıb. İndi ölkəmizdə 750 adda hərbi sahəyə aid məhsul istehsal olunur.Bu məhsulların bir hissəsi artıq xarici bazara da çıxarılır. Onu da qeyd edək ki, Azərbaycanın iqtisadi potensialı ona ağır hərbi texnika istehsalına da imkan verir. Cari ilin "Sənaye ili" elan olunması ağır hərbi texnikanın istehsalı sahəsində də yeni perspektivlər açır. Bu isə o deməkdir ki, 2014-cü ilin sonunda Azərbaycan Ordusu özünün istehsal etdiyi ən müasir ağır hərbi texnika ilə də təchiz oluna bilər. Xatırladaq ki, bundan əvvəl prezident İlham Əliyev Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında sərəncam imzalayıb. Kompleks dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsini, tikinti və idarə olunmasını, bu sahədə yeni texnologiyanın tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və s. işləri yerinə yetirəcək. Bunun özü də hərb sənayesində daha böyük proqramların həyata keçirilməsinə imkan vermək iqtidarındadır.

Hərbçi ekspert Üzeyir Cəfərov məsələ ilə bağlı bildirdi ki, "Sənaye ili"nin elan olunması eyni zamanda ağır hərbi texnikanın istehsalı prosesində də irəliləyişlərin olacağını vəd edir: "Onsuz da artıq Azərbaycan öz hərbi sənaye kompleksini inkişaf etdirir. Cari il "Sənaye ili" olduğundan düşünürəm ki, Müdafiə Sənayesi Nazirliyi də bu prosesə öz töhfəsini verəcək. Yəqin ki, cari ildə Silahlı Qüvvələr üçün ağır texnikanın və digər xüsusi əhəmiyyət kəsb edən hərbi avadanlıqların istehsalı həm genişləndiriləcək, həm də əsas önəm ona veriləcək. Bu il "Sənaye ili" elan olunubsa, hər bir idarə və təşkilat bu istiqamətdə üzərinə düşən vəzifəni görməlidir və görürlər. Müdafiə Sənayesi Nazirliyi də hərbi texnikanın istehsalı ilə məşğul olan ən önəmli qurumlardan biridir. Ona əsasən də bu qənaətdəyəm ki, bu il sözügedən nazirlik də ağır hərbi texnika sahəsində müəyyən məhsullarını ortaya qoyacaq. May ayında ölkəmizdə hərbi sənaye sərgisi təşkil olunmalıdır. Bu tədbir ölkəmizdə ilk dəfə olaraq gerçəkləşəcək. Məhz bu sərgi vasitəsilə də istehsal edilən yeni ağır texnika məhsullarını nümayiş etdirmək olar. Bildiyim qədər həmin sərgiyə çoxsaylı dövlət dəvət olunub. Onların burada iştirakını nəzərə alaraq Azərbaycan siyasi və hərbi rəhbərliyi, o cümlədən Müdafiə Sənayei Nazirliyi sərginin yüksək səviyyədə keçməsi və burada nümayiş olunan avadanlıq, texnikanın kənar alıcıları da özünə cəlb etməsi baxımından müəyyən planlar hazırlayıblar. Bu istiqamətdə işlər aparılır. Ona əsasən düşünürəm ki, 2014-cü ildə ölkəmizdə ağır hərbi texnikanın istehsalı sahəsində də müəyyən nəticələr əldə olunacaq".

Digər ekspert Emin Həsənli qeyd edir: "Azərbaycanda bütün məsələlər elmi əsaslarla aparılır. 5-10 il bundan qabaq "Sənaye ili" elan olunsaydı, bu, məntiqli görünməzdi. Hazırda isə Azərbaycanın iqtisadiyyatı ağır hərbi texnika istehsalına başlamağa da imkan verir. Ölkəmizin büdcəsi artıb, daim inkişafdayıq. Bu işlərin hamısı ardı-ardına həyata keçirilir. Azərbaycan qarşısına məqsəd qoyub ki, dünyanın aparıcı ölkələri sırasına çatsın. Bunun üçün də sənaye sahəsi daha ciddi şəkildə inkişaf etməlidir. Ölkənin müdafiə potensialının gücləndirilməsi də Müdafiə Sənayesi Nazirliyinin daim gündəmində olub. Bu istiqamətdə dünyanın bir çox ölkələrilə ikitərəfli qarşılıqlı əməkdaşlıq var, bir sıra silahları birgə istehsal edirik. Bilirsiniz ki, Azərbaycanda ağır metallurgiyanın yaradılması istiqamətində də qərarlar verilib. Bunun özü də ölkəmizdə ağır hərbi texnikanın istehsalına xüsusi önəm verildiyinə bir nümunədir. Çünki metal sənayesi həm də ağır hərbi texnika istehsalında mühüm əhəmiyyət daşıyır. Belə ki, həmin metallar olmadan sözügedən texnika istehsalı da mümkün olmaz. Hesab edirəm ki, polad sənayesinin yaradılması və cari ilin sənaye ili elan olunması fonunda gələcəkdə Azərbaycan ağır hərbi texnika istehsalı sahəsində də addımlar atmağa başlayacaq. Belədə ölkəmiz həmin ağır hərbi texnikadan nəinki təkçə öz ehtiyaclarını ödəmək üçün istifadə edər, həm də onun ixracını da həyata keçirə bilər. Hesab edirəm ki, cari ildən başlayaraq bu istiqamətdə də müəyyən addımlar atılacaq".