Siqaret yenə bahalaşmaqdadır

19 Mart 2014 08:43 (UTC+04:00)

Azərbaycanda siqaretin qiyməti növbəti dəfə qalxdı. Artım siqaret və tütün məmulatlarının həm pərakəndə, habelə topdansatış qiymətlərində müşahidə edilir. Bu dəfəki artım siqaretin markasından asılı olaraq 10-30 qəpik arasındadır. Satıcıların dediklərinə görə, artım topdansatış mərkəzlərində və anbarlarda siqaretin qiymətinin bahalaşması ilə bağlıdır.Xatırladaq ki, ölkəmizdə sonuncu dəfə qiymət artımları ötən ilin sentyabr və dekabr aylarında baş vermişdi.Məsələ ilə bağlı münasibətini öyrəndiyimiz İqtisadiyyat və Sənaye Nazirliyi qiymət arıtımı barədə onlara məlumat daxil olmadığını bildirir. Lakin nazirlik bu istiqamətdə araşdırma aparlıcağını da bəyan edir. Ekspertlər isə bunun əsas səbəbi kimi yanacağın qiymətində baş verən artımları göstərirlər. İqtisadçı-ekspert Oqtay Haqverdiyev bildirdi ki, ilin əvvəlindən belə bir proqnoz verilmişdi: "Tütün, alkoqollu və gündəlik lazım olan bəzi məhsulların qiymətinin ilin ortasında artacağı gözlənilirdi. Bunun da əsas səbəbi benzinin qiyməti artandan sonra nəqliyyat xərclərində olan artımdır. Ona görə də siqaretin qiymətində artım gözlənilirdi. Ancaq bu, spekulyativ artım deyil. Hazırkı qiymət artımının iqtisadi əsası odur ki, ümumiyyətlə, xidmət sahələrində maya dəyəri artıb".

İqtisadçının fikrincə, növbəti artımı da gözləmək mümkündür: "Ancaq əsas məsələ odur ki, kommunal xərclər artmasın. Ancaq onların da artacağı barədə proqnozlar var. Ümumiyyətlə, bazar iqtisadiyyatı münasibətlərində qiymətlər daim artır. Buna denominasiya da təsir göstərir. Məsələn, keçən əsrin əvvəllərində ABŞ dollarının dəyəri əsrin sonunda çox aşağı düşdü. Yəni, pulun dəyərinin aşağı düşməsi qiymətlərin artımına gətirir".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramov da hazırkı qiymət artımında əsas səbəb olaraq nəqliyyat xərclərində olan artımları göstərir: "Hazırda siqaretin qiymətində müşahidə edilən artımın iqtisadi əsası var. Bu artımı nəqliyyat sektorunda da müşahidə edəcəyik. Benzinin qiymətində artımın olması nəqliyyat sektorunda özünü göstərəcək. Bu da birbaşa daşınma xərclərinin bahalaşmasına gətirib çıxarır. Ancaq siqaretin qiymətinin artımına təsir göstərən bir neçə amil var. Əsas səbəb nəqliyyat xərclərində olan artımdısa, istehsalda rəqabətin zəif olmasını da səbəb kimi göstərə bilərik. Təkcə siqaret yox, bütün növ xidmət sahələrində qiymət artımı gözləniləndir. Həm də vergidən olan daxilomalarda artımlar nəzərə alınıb. Çünki nəzərə almaq lazımdır ki, bu gün Azərbaycanda kütləvi şəkildə istehsal sahələrinin yaradılması gündəmdə deyil. İdxal olunan tütün məhsullarının əlavə ödənişlərə cəlb olunması tütün bazarına öz təsirini göstərir. Digər tərəfdən, hökumətin özü də maraqlı olacaq ki, tütün məhsullarında qiymətlər artırılsın. Buna sosial məsuliyyət nöqteyi-nəzərindən yanaşmaq olar. Dövlət bu növ məhsullara olan tələbi azaltmağa çalışır ki, əhalinin səhhətinə faydası olsun".

Ekspertin fikrincə, istənilən sahədə qiymət artımı gözlənilir: "Elə sahələr var ki, orada artımlar 3-4 ildən bir olur. Elə sahələr də var ki, qısa müddət ərzində qiymətlərində dəyişmələr baş verir. Əgər bu gün tütün məhsulunda artım varsa, önümüzdəki 1 il ərzində əlavə artımın olması gözlənilmir. Tütün məhsulları çox sürətli artımla müşahidə olunan xidmətlər sahəsinə daxil deyil. Qiymətlərin artımında xarici bazarın da təsiri var. Amma Azərbaycanda siqaretin qiymətində 40 qəpikdən artıq artım gözlənilmir".