Radikal dini təriqət təhdidi səngimir

19 Mart 2014 08:47 (UTC+04:00)

Bu günlərdə millət vəkili Yaqub Mahmudov maraqlı bir açıqlama ilə çıxış edib. Millət vəkilinin dediyinə görə, ölkə daxilində kilsələrdə yeni dini təriqət ocaqları yaradılır. Digər tərəfdən, bəzi qüvvələr də var ki, Azərbaycanın üç rəngli bayrağına qarşı ölkə daxilində ciddi hücumlar təşkil etməyə çalışırlar. Beləl arasında məhz kilsələrdə yarana dini təriqətlərin də özünəmxəsus rol oynadığı bildirilir. Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov inanmır ki, hazırki şəraitdə üzdəniraq dini təriqətlər Azərbaycanda hansısa təhdidlər yarada bilsin: "Azərbaycan tolerant bir dövlətdir, burada müxtəlif dinlərin nümayəndələri yaşayır və sərbəst şəkildə öz dini inanclarını icra edirlər. Dövlət başçısı da dəfələrlə ölkəmizdəki müxtəlif dini təriqətlərin nümayəndələrilə görüşərək Azərbaycanda bütün dinlərə dözümlük şəraitinin olduğunu bəyan edib. Lakin əfsus ki, bu vəziyyətdən bəzi diletantlar sui-istifadə edərək Azərbaycanda ölkəmizin mənafeyinə ziyan vuran istiqamətdə fəaliyyət göstərmək üçün öz şəbəkələrini yaratmağa çalışırlar. Ona görə də düşünürəm ki, bu istiqamətdə ölkəmizə yönəlik təhdidlərin olmaması üçün Dini İşlər üzrə Komitə fəaliyyətini gücləndirməlidir. Deyərdim ki, son zamanlar dövlətimizə zərər gətirə biləcək nəinki təkcə xristianlığı, eyni zamanda islamın müəyyən təriqətlərinin fəaliyyəti də hiss olunmaqdadır. Bütün bunlara Dini İşlər üzrə Komitə nəzarət və koordinasiya etməlidir. Zaman-zaman olub ki, bəzi dini təriqətlər ölkəmizə qarşı müəyyən təhdidlərdə bulunublar. Bu da bir vaxtlar dinimizin müsbət dəyərlərinin təbliğinin zəifliyi ilə bağlı olub. Həmin illərdə boş qalan yeri digər dini icma və təriqətlərin təbliğatı doldururdu. Amma mətbuatda, ictimai yerlərdə islamın yüksək dəyərləri geniş şəkildə təbliğ olunarsa, yaranmış boşluğu da ölkəmizə qarşı təhdid mövqeyində dayanan dini sektalar doldura bilməzlər. Bütün bunlarla yanaşı inanmıram ki, hazırda bəzi üzdəniraq dini təriqətlər Azərbaycana qarşı hansısa bir təhdid yarada bilsin. Çünki hazırda Azərbaycan dövləti güclənib və çirkin niyyətlərə xidmət edən belə halların qarşısını yerindəcə almağa qadirdir".

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov da qeyd etdi ki, niyyətləri xoş olmayan dini təriqətlərin artıq Azərbayanda kök salması mümkünsüzdür: "Azərbaycan tolerant ölkədir, bu xüsusiyyətlərinə görə dövlətimiz dünyanın ən unikal ölkələrindən biridir. Azərbaycanda hər bir dinə hörmət, dini dözümlülük çox yüksək səviyyədədir. Eyni zamanda Azərbaycan demokratik, dünyəvi dövlətdir. Din isə dövlətdən ayrıdır. Dini məsələ mənəvi məsələdir. Bununla belə faktdır ki, Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. İslam dininin özündə də çoxlu təriqətlər vardır. Amma Azərbaycanda yaradılan normal şərait burada radikallığın ayaq açmasına imkan vermir. Onların ölkəmizdə hər hansı bir böyük dayaqları yoxdur. Təkcə Azərbaycanda deyil, digər ölkələrdə də müəyyən dini təriqətlər vasitəsilə təhdid etmə kampaniyası aparmaq qəbulolunmaz haldır. Digər tərəfdən, inanmıram ki, çirkin niyyətdə olan dini cərəyanların ölkəmizə qarşı apardığı təhdidlərinin hansısa bir təsiri olsun. Azərbaycan həddən artıq güclənib, insanların dünyagörüşü də artıb. Azərbaycan cəmiyyəti inkişaf edib. Bu cəmiyyət hazırda hər hansı bir təriqətin arxasınca gedən onun aludəçisinə çevrilən cəmiyyət deyil. Ona görə də, çirkin niyyətli dini təriqətlərin ölkəmizdə kök salması qeyri-mümkündür".