Bank faizlərindən yenə böyük narazılıq var

19 Mart 2014 09:57 (UTC+04:00)

Ölkədə kredit faizlərinin yüksək olmasına yenidən diqqət çəkən millət vəkili Vahid Əhmədov qeyd edib: "Təəssüf ki, bizim mütəmadi olaraq qaldırdığımız kredit faizlərinin aşağı salınması, ipoteka şərtlərinin yüngülləşdirilməsilə bağlı məsələlər Mərkəzi Bank tərəfindən həll edilmir. Baxmayaraq ki, sığorta olunanların faiz dərəcəsi 10 faizə qədər endirilib. Amma digər vacib məsələlər həll edilməyib".Görəsən, mövcud vəziyyətdə Mərkəzi Bank kredit faizlərinin aşağı salınması və ipoteka krediti şərtlərinin yüngülləşdirilməsi istiqamətində nə etməlidir? İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Fərhad Bayramovun fikrincə, komisyon haqları faizinin az olması, habelə nizamnamə kapitalının artırılması fonunda müştərilərin sayının çoxalması ilə kredit faizlərinin aşağı salınmasına nail olmaq mümkündür: "Bank sektorunda kreditlər üçün təklif olunan faiz dərəcələri Mərkəzi Bank tərəfindən tənzimlənə bilməz. Çünki bu açıq bir bazardır və ora münasibətdə Mərkəzi Bankın inzibati tədbirlər görmək yolu ilə faiz dərəcəsini münimuma endirməsi bazar iqtisadiyyatına zidd haldır. Amma bununla belə Mərkəzi bəzi addımlar atmaqla kommersiya bankları tərəfindən kredit faizlərinin aşağı salınmasına nail ola bilər. Mərkəzi Bankın kommersiya banklarının müştərilərə müəyyən komisyon haqlarını təklif etməsi faizinin az olması ilə bağlı müəyyən tədbirlər görməsi mümkündür. Həmçinin nizamnamə kapitalının artırılması fonunda bəzi bankların sıradan çıxacağını gözləmək olar. 10 yaxın bankın likvidlik dərəcəsi hazırda yaxşı deyil. Nizamnamə kapitalının bir dəfəyə 5 dəfə artırılması ilə gözləmək olar ki, hadisə banklara da müsbət təsir göstərsin. Bu halda artıq banklara müraciət edənlərin sayı çoxalacaq. Çoxlu müştərinin olması da o deməkdir ki, bank kredit üzrə faiz dərəcəsini aşağı salmağa motivasiya olsun".

İpoteka kreditlərinin şərtlərinin yüngülləşdirilməsinə gəldikdə, həmsöhbətimiz gözləmir ki, cari ildə bu istiqamətdə hansısa bir real addımlar atılsın: "Bilirsiniz ki, ipotekanın maliyyələşməsi bir neçə mənbədən həyata keçirilir. Onlardan biri də dövlət tərəfindən ayrılan vəsaitdir. İpoteka verilməsi şərtlərinin yüngülləşdirilməsi bir növ verilən kreditin həcmindən də asılıdır. Maliyyə mənbəyinin geniş olmaması fonunda banklar məcburdur ki, maliyyə mənbələrini ən zəruru şəxslərə təklif etsinlər. Bu da ipoteka şərtlərinin sərtləşməsinə gətirib çıxarır. Gözləmək olar ki, şərtləri sərtləşdirməmişdən öncə bu sahəyə ayrılan vəsaitin miqdarı artırılsın. Bu daha geniş ailələrə ipoteka təklif olunmasına səbəb olacaq. Belədə proses şərtlərin yüngülləşməsinə, daha çox insanın prosesə cəlb olunmasına stimul verəcək. Amma əslində, Mərkəzi Bank inflyasiya risqilə bağlı olaraq ipoteka üzrə pul kütləsinin azaldılmasına çalışır. Ona görə də ipoteka şərtlərinin yüngülləşdirilməsi dolayısı ilə indiki mərhələdə mümkün deyil. Dövlət büdcəsindən ayrılan vəsaitlərin sabit qalması da bunun belə olduğunu düşünməyə əsas verir".