Ukrayna məsələsində Azərbaycanın siyasəti təqdir olunur

19 Mart 2014 10:00 (UTC+04:00)
Ukrayna ilə Rusiya arasında münasibətlər martın 16-da Krımda keçirilən referendumdan sonra daha da kəskinləşib. Qeyd edək ki, həmin referendumun elan olunan nəticələrinə görə, yarımada əhalisinin 96 faizi Ukraynadan ayrılaraq Rusiyaya qatılmağın tərəfdarı olduğunu bəyan edib. Belə vəziyyətdə, artıq Ukrayna- Rusiya sərhədi boyu hər iki tərəfdən çoxlu sayda hərbi qüvvələr cəmləşməyə başlayıb.

Moskva Krımda keçirilən referendumdan dərhal sonra onun nəticələrini tanıyaraq yarımada ilə bağlı bu istiqamətdə fəaliyyətlərini davam etdirəcəklərini bəyan edib. Yəni referendumun ardınca, Kreml adminstrasiyası onun nəticələrinin real olaraq gerçəkləşdirilməsi istiqamətində fəaliyyətə keçəcək. Qərb isə birmənalı olaraq Krımda baş tutan referendumu tanımadığını bəyan edib. Proses ondan xəbər verir ki, hələlik Krımla bağlı yaranmış situasiyanı təkcə Rusiya dəstəkləməkdədir. ABŞ başda olmaqla Qərb dünyası sərhədlərin toxunulmazlığı prinsipinə hörmətlə yanaşılmalı olduğunu bildirərək, Moskvaya qarşı daha sərt sanksiyalar tətbiq etmək üzrədir.

Ölkəmizə gəldikdə isə, Bakının Kiyevlə münasibətləri olduqca yüksəkdir. İndilikdə isə Azərbaycan Krımla bağlı məsələyə öz münasibətini açıqlamayıb. Düzdür, Azərbaycan Xarici İşlər Nazirliyi səviyyəsində bildirilib ki, rəsmi Bakı Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, eyni zamanda konfliktin dinc yolla həllində maraqlı olduğunu bəyan edir.


Aydın Ağayev: "Bununla bağlı münasibəti ölkənin Xarici İşlər Nazirliyi açıqlayıb"


Milli Məclisin Analitik İnformasiya Şöbəsinin müdiri Aydın Ağayev məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin açıqladığı mövqeyi dəstəklədiyini bildirdi: "Azərbaycanın Krım məsələsində hansı mövqe tutmalı olduğu məsələsinin ümumiyyətlə, qabardılması əleyhinəyəm. Bununla bağlı münasibəti ölkənin Xarici İşlər Nazirliyi açıqlayıb. Özüm də həmin münasibəti dəstəkləyirəm".


Elman Nəsirli: "Azərbaycan Krım məsələsində ərazi bütövlüyü pozulmuş dövlət olaraq, ərazi bütövlüyü prinsipinə əlahiddə üstünlük verir"


Politoloq Elman Nəsirlinin fikrincə, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə hörmət çərçivəsində mövcud gərginliyin dinc yolla həllində maraqlı olmalıdır və rəsmi mövqe də məhz bundan ibarətdir: "Bilirsiniz ki, Krım məsələsilə bağlı olaraq Azərbaycan dövləti artıq rəsmi mövqeyini ifadə edib. Xarici İşlər Nazirliyinin bəyan etdiyi həmin mövqe ondan ibarətdir ki, Azərbaycan Rusiya ilə Ukrayna arasında yaranmış gərginliyin dinc yolla həllində maraqlıdır. Ölkəmiz bu gərginliyin güc tətbiq edilmədən həllini istəyir. Eyni zamanda, Azərbaycan Ukraynanın ərazi bütövlüyünə hörmətlə yanaşır, ərazi bütövlüyünü, sərhədlərin toxunulmazlığı prinsipini dəstəkləyir. İkitərəfli format və GUAM çərçivəsində də Azərbaycanın mövqeyi bu cürdür. GUAM çərçivəsində Ukrayna ilə çox sıx əməkdaşlıqda olaraq da bu prinsipdən çıxış edirik. İndiki vəziyyətdə bilirsiniz ki, böyük dövlətər bu məsələdə qarşıdurma yolunu seçərək, həmin xətti həyata keçirir. Azərbaycan bu məsələdə təbii ki, ərazi bütövlüyü pozulmuş dövlət olaraq həmin prinsipin nə qədər əhəmiyyətli, beynəlxalq hüququn prioritet prinsipi olduğunun fərqindədir. Ölkəmiz bundan çıxış edərək də ərazi bütövlüyü prinsipinə əlahiddə üstünlük verir və onu da nümayiş etdirir. Ona görə də Azərbaycanın mövqeyi dəyişməzdir. Həmin gərginliyin dinc yolla və eyni zamanda ərazi bütövlüyü çərçəvəsində tənzimlənməsində Azərbaycan maraqlı tərəf kimi çıxış edir. Ermənistan siyasətbazları bu ərafədə eyforiyaya qapılaraq qeyd edir ki, Kosovo və Krım presedentləri mövcuddur. Belə olan vəziyyətdə sərsəm-sərsəm iddia edirlər ki, Qarabağ presedenti də tətbiq edilməlidir. Amma Krımın ayrılmaq istəyini Qərbin birmənalı olaraq dəstəkləmədiyini nəzərə alsaq, bu baxımdan İrəvan onun da fərqində olmalıdır ki, Krımla bağlı Qərb alyansının yekdil, qəti mövqeyi var. Onlar Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Ona görə də ermənilər bu məsələdə eyforiyaya düşməsin".

Elxan Şahinoğlu: "Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan etmək indiki durumda hələlik məqbul variantdır"

Politoloq Elxan Şahinoğlu da vurğuladı ki, Azərbaycan birmənalı olaraq Krımda baş verən olaylarla bağlı olaraq Ukraynanın yanında olmalıdır: "Rəsmi Bakının verdiyi bəyanat da göstərir ki, Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyərək onun yanındadır. Bildiyiniz kimi, Azərbaycan ərazisinin bir hissəsi də Ukraynada olduğu kimi işğal olunub. Ölkəmiz artıq xeyli müddətdir ki, torpaqlarının bir hissəsinin işğal altında qalması əsasında yaşayır. Bu mənada hazırda Ukraynanın da vəziyyəti Azərbaycanda olduğu kimidir. Hər iki dövlətin torpaqlarının bir hissəsi kənar qüvvələr tərəfindən zəbt olunub. Azərbaycan beynəlxalq müstəvidə də Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən hər hansı bir qərar qəbul edildikdə onu dəstəkləməlidir. Amma məsələ ondadır ki, Azərbaycan Rusiya ilə bağlı olaraq bu məsələdə daha kəskin mövqe bildirmək, Qərb kimi Moskvanı sanksiyalarla hədələmək gücündə də deyil. Belə bir addıma yol verilməsi əksinə, şimaldan ölkəmizə də təhdidlərin artmasına rəvac verə bilər. Ona görə də, düşünürəm ki, Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyimizi bəyan etmək indiki durumda hələlik məqbul variantdır".