ABŞ Qarabağ münaqişəsinin həllində əsas təşəbbüskara çevrilə bilər

19 Mart 2014 10:07 (UTC+04:00)

Artıq xeyli müddətdir ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün "Twitter" səhifəsində Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirməkdədir. Həmsədr bu xüsusda sonuncu yazısında bildirib ki, biz Ukraynada baş verən hadisələrdən Ermənistan-Azərbaycan münaqişəsi üçün hansı nəticələrin çıxarıla biləcəyini nəzərə almalıyıq: "ABŞ Ukrayna ilə bağlı Rusiyanın mövqeyini qəbul etməsə də, bizim birgə fəaliyyət göstərəcəyimiz digər məsələlər də var. Məsələn, Dağlıq Qarabağ sülhün bərqərar olması prosesi". Həmsədrin bu cür çıxışlarına siyasi təhlilçilər müxtəlif cür yanaşırlar. Azərbaycan Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli bildirdi ki, Ceyms Uorlikin Qarabağ məsələsinə xüsusi diqqət ilə yanaşması təsadüfi deyil: "Hər kəsə bəllidir ki, ABŞ-Rusiya münasibətləri hətta, soyuq müharibə dövrünü xatırlatmağa başlayıb. Artıq neçənci dəfədir ki, ABŞ prezidenti Barak Obama Vladimir Putini hədələyərək qeyd edir ki, Krımda atdığı addımlar Putinə baha başa gələcək. Yəni, bu da gərgin olan vəziyyəti daha dramatikləşdirir. Belə olan vəziyyətdə diqqət Qarabağ münaqişəsinə yönəlir. Çünki hər iki dövlət Fransa ilə birlikdə münaqişənin həllində vasitəçi tərəflərdir. Bir sual daha çox aktuallaşır ki, əgər ABŞ ilə Rusiyanın münasibətləri belə gərginləşibsə, bunun Qarabağ münaqişəsinə nə dərəcədə təsiri ola bilər? Yəni, bir-biri ilə münasibətləri korlanmış tərəflər iş elə gətirib ki, həmsədr kimi çıxış edirlər. Bir varinata görə vəziyyət Qarabağ münqişəsinin tənzimlənməsinə çox mənfi təsir göstərə bilər. Çünki iki dövlətin münasibətləri həddindən artıq pisləşib. Digər varianta görə isə bu gərginləşmənin Dağlıq Qarabağ münaqişəsinin həllinə elə bir aiddiyatı yoxdur. Çünki məhz bu məsələdə hər iki dövlət ortaq mövqedən çıxış edirlər. Hər ikisi münaqişənin dinc yolla həllini istəyir. Krımda maraqları toqquşan ABŞ və Rusiya bu gərginlikdən çıxmaq üçün üz tutduqları məkan Cənubi Qafqaz və Qarabağ münaqişəsi ola bilər. Çünki postsovet məkanında Qarabağ konflikti yeganə münaqişədir ki, hər iki dövlət olduqca oxşar mövqedən çıxış edirlər. Hansı ki, oxşar mövqeni Cənubi Osetiya və Abxaziyada müqaşisənə münasibətdə görmədik".

Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri, politoloq Hatəm Cabbarlı isə ATƏT-in Minsk qrupunun amerikalı həmsədrinin verdiyi bəyanatı ciddi qəbul etmir: "Çünki ATƏT-in Minsk qrupunu həmsədr dövlətləri kimi Rusiya və ABŞ bu məsələlər üzərində müzakirələr aparır. 20 ildir ki, ABŞ və Rusiya Dağlıq Qarabağ probleminin həlli yolu istiqamətində ortaq məxrəcə gələ bilməyiblərsə, bundan sonra necə gələ biləcəkləri də mübahisəlidir. C. Uorlikin belə bir bəyanat verməsi Qərbin Ukrayandakı uğursuzluğunun üstünü örtməyə yönəlik bir cəhddir. Rusiya son 7-8 ildə postsovet ölkələrinə yönəlik ciddi təzyiqlər göstərir. 2008-ci ildə Abxaziyanı və Cənubi Osetiyanın və nəhayət, indi isə Krımın müstəqilliyini elan etməsi məsələlərində Qərb və ABŞ Rusiya qarşısında ciddi mövqe itirir. Tərəflər Ukraynada razılığa gələ bilmədiyindən, Uorlik diqqətləri Ukraynadan yayındıraraq, Dağlıq Qarabağın həllinə yönəltməyə çalışır. Amma C. Uorlikin bu bəyanatı heç də yerində və diplomatik verilmiş bəyanat deyil. Çünki 20 ildir ki, ABŞ və Rusiya həmsədr ölkələr kimi nə etdi ki, bundan sonra nəsə etsinlər?! Bu ərəfədə tərəflərin Dağlıq Qarabağ üzərində razılığa gəlmə ehtimalı olduqca zəifdir".