Kənan Dərya haqqında : "Özünə sığışdırmayıb narkoman yasına gəlməyənlərdən min dəfə yaxşı insan idi"

19 Mart 2014 12:12 (UTC+04:00)
Rejissor Kənan MM rəhmətlik dostu reper Hüseyn Dərya haqqında status yazıb. Mövqe.az xəbər verir ki, Kənan Dəryanın ölümünə təəssüflənməklə yanaşı, Dəryanın yas mərasiminə gəlməyən sənətçilərə də sözünü deyib : 


"Və Dərya getdi... Bu aləmdə çox şeyə təəccüb edirdim. Bu gün Dəryanın yas mərasimində iki-üç sənət adamından başqa heç kimi görmədikdən sonra daha heç nəyə təəccüb etmirəm. Bir zamanlar Dərya ilə duet oxumaq növbəsinə duran dırnaqarası ulduzlar, mikrofon, kamera ilə Dəryanın arxasınca qaçan jurnalistləri görmədim. Bəli, Dərya içki içirdi, indikilər içmir? Bir zamanlar narkotik maddə qəbul edirdi, indiki xalq artistləri etmir? Dəryanın bu problemləri özünə məxsus idi, amma daxildə o məndən və özünə sığışdırmayıb narkoman yasına gəlməyənlərdən min dəfə yaxşı insan idi. Hansınızın adını sevənləriniz divarlara yazdı? Hansınızın sevəni səhnədə paltarınızı üzərinizdən parçalayıb çıxardı? Hansınızın pərəstişkarı sizə oxşmaq istədi? Amma Dərya bunları etdi.... Azərbaycan repi rəhmətə getdi. Kim inciyir, özü bilər, ünvanımı bilirsiniz. Nifrət edirəm şou-biznesə. Allah sizləri hidayət etsin. Dərya gəlişiylə də, gedişiylə də partladı. Dünyaya milyon Hüseyn gələcək, heç biri Dərya olmayacaq. Onun qohum tərəfdən heç kimi yoxdur, onu yerdən yalnız dostları götürdü. Orada olan kişi qeyrətli qadın sənətçilərimiz qarşısında baş əyirəm. Özünü jurnalist sayan dostlar, bu statusu mən yazmışam və sözümdə də cavabdehəm. İmza günahkar bəndə Kənan M.M."