Azərbaycanda qadın oğlu ilə birgə ərini öldürtdü (FOTO)
19 Mart 2014 13:48 (UTC+04:00)
Azərbaycanda sifarişli qətl və quldurluq
cinayətləri törədən 11 nəfərdən ibarət dəstə zərərsizləşdirilib.
Movqe.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən
verdiyi məlumata görə, nazirliyin Baş Cinayət Axtarış, Baş
Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis
Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat axtarış
tədbirləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və
narkotik maddələrin satışında təqsirli bilinən 11 nəfərdən ibarət
mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb.
Polis əməkdaşları ilk öncə Şəki şəhərində anadan
olan 53 yaşlı Oruc Şirəliyevin 2013-cü il aprelin 13-də Rusiya
Federasiyasının Nijnıy Novqorod şəhərində qətlə yetirilməsi
faktının üstünü açıb. Araşdırmalarla müəyyən edilib ki, Oruc
Şirəliyevin qətlini onun həyat yoldaşı 43 yaşlı Sevinc Şirəliyeva,
oğlu, 21 yaşlı Bürhan Şirəliyev və ailəyə yaxın olan 33 yaşlı Vüsal
Mustafayev sifariş verib. Vüsal Mustafayev istintaqa ifadəsində
bildirib ki, Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyevlə uzun
müddət aralarında ədavət olub. O həm bu ədavətə son qoymaq, həm də
Oruc Şirəliyevin var dövlətini ələ keçirmək üçün onu öldürmək
qərarına gəlib. Vüsal Mustafayev bu məqsədlə Orucun həyat yoldaşı
Sevinc və oğlu Bürhanla qabaqcadan razılıq da əldə edib. Plana
əsasən Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında
bölünməli imiş. Tərəflər arasında razılıq əldə olunduqdan sonra
Vüsal Mustafayev Şəki şəhər sakini, 37 yaşlı İqbal Cumayevə qətli
törətmək üçün killer tapmağı tapşırıb. İqbal Cumayev isə
həmyerlisi, 35 yaşlı Elçin Məmmədovu taparaq Vüsalla tanış edib.
Beləliklə, Vüsal Mustafayev Oruc Şirəliyevin qətli üçün Elçin
Məmmədova 20 min dollar pul vəd edib. Amma Elçin Məmmədov ələ keçə
biləcəyindən qorxaraq qətli Azərbaycanda yox, Rusiya
Federasiyasında törədəcəyini bildirib.
Plana əsasən Oruc Şirəliyevin oğlu Bürhan
Şirəliyev qabaqcadan Nijnıy Novqorod şəhərinə gedərək Elçin
Məmmədovu gözləyib. Elçin Məmmədovu qarşılayan Bürhan atasının işə
gəlib-getmə marşrutunu və lazım olan bütün məlumatları ona verib.
Beləliklə, Oruc Şirəliyevi izləyən Elçin 2013-cü il aprelin 13-də
onu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə
yetirib.
Qətldən sonra Oruc Şirəliyevə məxsus Şəki
şəhərindəki ev, marşrut və yük avtobusları özünü kriminal avtoritet
kimi qələmə verən 28 yaşlı Rüfət Nurəliyevin vasitəsi ilə satılaraq
pulları bölüşdürülüb. Vüsal Mustafayevlə Bürhan Şirəliyev isə
əvvəlcə qətli törətməyin müqabilində Elçin Məmmədova vəd verdikləri
pulu ödəmək istəməyiblər. Lakin Elçin onlara hədə-qorxu gəldiyindən
pulun yarısını – yəni 10 min manatını ala bilib.
Araşdırmalarla daha sonra müəyyən edilib ki,
saxlanılan şəxslərin bir hissəsi digər şəxslərlə əlbir olaraq Şəki
şəhərində evlərə quldur basqını, Beynəlxalq Bankın bankomat
aparatlarını talamağa cəhd və digər bu kimi cinayətlər də həyata
keçiriblər. Şəki şəhər sakini Ruslan Rəfiyev dəstə üzvlərinə
bildirib ki, tanışı Xanlar Hüseynovun evində 200 min dollar pul və
külli miqdarda qızıl var. Vüsal Mustafayev tanışı, 31 yaşlı Kamran
Qafarovu da ətrafına cəlb edərək gecə saatlarında Xanlar Hüseynovun
evinə gəliblər. Onlar başlarına maska keçirib evə girmək istədikdə
həyətdə ev sahibi ilə qarşılaşıblar. Bu zaman elektroşok və
gözyaşardıcı qaz balonundan istifadə etməklə Xanlar Hüseynova zor
tətbiq ediblər. Onun əl qolunu yapışqan lentlə bağlayan quldurlar
evi axtararaq 1400 dollar və 3600 manat pul tapıb aradan
çıxıblar.
İstintaq daha sonra saxlanılan şəxslərin müxtəlif
vaxtlarda Azərbaycan Beynəlxalq Bankının Şəki şəhərində yerləşən
bankomat aparatlarını talamağa cəhd etdiklərini də sübuta yetirib.
Vüsal Mustafayevlə Kamran Qafarov tanışları, Şəki şəhər sakinləri,
34 yaşlı Mikayıl Mustafayev və 38 yaşlı Rüfət Hüseynəliyevi də bu
işə cəlb ediblər. Onlar əvvəlcədən bu məqsədlə qaynaq avadanlıqları
və digər ləvazimatlar alaraq bir neçə dəfə bankomatları yarmaq
istəyiblər. Lakin qaynaq aparatından istifadə edə bilmədiklərinə
görə istəklərinə nail ola bilməyiblər. Cinayətlər zamanı istifadə
olunan qaynaq avadanlıqları, lüləsi və qundağı kəsilmiş tüfəng,
gözyaşardıcı qaz balonu, elektroşok aparatı və digər vasitələr
saxlanılan şəxslərdən aşkar edilərək maddi sübut kimi götürülüb.
Qeyd edək ki, dəstə üzvləri saxlanılarkən hər birinin üstündən
narkotik maddə olan heroin də aşkarlanıb. Əməliyyat axtarış
tədbirlərini davam etdirən polis əməkdaşları xeyli müddətdir ki,
Şəki şəhərində narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri
də ələ keçirib. Əvvəllər də narkotik maddə satdığı üçün dəfələrlə
məhkum olunan 44 yaşlı İlqar Teymurov və əlbir olduğu 44 yaşlı
Loğman Abdullayev narkotik maddə satarkən cinayət başındaca
tutulublar. Qeyd olunan faktlarla bağlı cinayət məcəlləsinin
müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır.
Saxlanılan şəxslərin digər cinayətlər də törətdiyi ehtimal
olunduğundan bu istiqamətdə araşdırmalar davam
etdirilir.
Gördüyünüz bu şəxslərin cinayət əməllərindən zərər
çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər
Nazirliyinin "102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına
dərhal məlumat verilməsi xahiş olunur.