Virtual pullardan istifadə dövrü başlanır

19 Mart 2014 14:45 (UTC+04:00)

Son illər dünyada virtual valyutalardan istifadə daha da genişlənməkdədir. Lakin ölkəmizdə hələlik belə valyutalara maraq müşahidə olunmur.  

İqtisadçı-ekspert Rəşad Həsənov Mövqe.az saytına verdiyi açıqlamada məsələyə münasibət bildirib. Onun sözlərinə görə, Azərbaycanda ilk növbədə nağdsız ödənişlərdə bağlı problemlərin olması bu işə maneədir: "Dünyada ödəniş sistemlərinin genişləndirilməsi, nağdsız ödənişlərin dövriyyəsinin artması virtual valyuta sistemlərinin formalaşmasına, dünyada virtual valyuta olan bitkoinlərin dövriyyəsinə yol açan bir amil hesab edilə bilər. Lakin bu təcrübənin hələ dünyada da yeni olması və Azərbaycanda hələ nağdsız ödənişlər sistemində qanunvericiliyin tam  formalaşmaması buna mane olur. Nəzərə almaq lazımdır ki, Azərbaycanın ümumi dövriyyəsinin cəmi 5%-ni nağdsız ödənişlər təşkil edir. Bu o deməkdir ki, bizdə nağdsız dövriyyə çox aşağı səviyyədədir.  Bu gün Azərbaycanda nağd ödəniş mədəniyyəti daha geniş təşəkkül tapıb.   Bütün bunlara görə, virtual valyutanın bizdə nə qədər effektiv olacağı sual altındadır". 

Ekspertin sözlərinə görə, dünyanın inkişaf etmiş ölkələrindən Yaponiya ilk dəfə  2013-ci ildə öz bitkoinlərini istehsal etməyə başlayıb. "Burda  bir məsələ var ki, bitkoinlərin, valyutaların dövriyyəyə buraxılması zamanı geniş miqyaslı bir sistem fomalaşmalıdır. Bu vəsaitlər hər hansı bir ödəmə edən və ya istehsalçı tərəfindən qəbul edilməlidir. Bunun köçürülməsi, hesabdan çıxarılması kimi məsələlər də öz həllini tapmalıdır. Azərbaycanda hər hansı bir şirkət bitkoin istehsal etməyə başlayırsa, dövlət tərəfindən onun sistemi quraşdırılmalıdır. Digər tərəfdən mobil rabitə operatorları bunu dəstəkləməlidir ki, internet vasitəsilə prossesi həyata keçirmək daha asan olsun. Və daha sonra Azərbaycanda formalaşan valyuta sistemi dünya virtual valyuta sisteminə də qoşulmalıdır. Bunlar zaman tələb edən məsələlərdir. Mən hesab etmirəm ki, günümüzdə Azərbaycanda bitkoin istehsalına və belə bir virtual şəkildə valyuta dövriyyəsinə ciddi tələb var. Lakin nəzərə alsaq ki, Azərbaycan da dünyanın inkişaf etmiş bir hissəsidir, təbii ki, bu gələcəkdə, təxminən 5-10 il sonra  Azərbacan üçün də aktual məsələyə çevriləcəkdir. Çünki bitkoinlərin sayının məhdudluğu məsələsi də var. Hesab edilir ki, növbəti 100 ildə 21 milyon bitkoin dövriyyədə olacaq. Hal-hazırda isə 12 milyon bitkoinin dövriyyədə olduğu bildirilir. Nəzərə almaq lazımdır ki, dünyanın əksər ölkələri bu sistemə hələ yeni-yeni qoşulur. Bu sahədə qanunvericilik şərtləri də hələ tam formalaşmayıb. Ötən il Almaniya, Norveç kimi ölkələr virtual valyutadan istifadə edən sahibkarlara vergilərin tətbiqi məsələsini gündəmə gətirdilər. Bununla bağlı qanun da qəbul olundu. Belə ki, artıq bitkoin sahibləri vergi verirlər.  Yəni, ola bilər ki, Azərbaycanda da bu cür valyutalar yaradılması, bu cür pul köçürmələri əlavə xərclərə gətirib çıxarsın. Əlavə verginin tətbiqi xərclərin daha da artması məsələsini gündəmə gətirir ki, bunun da nə dərəcədə sərfəli olması ayrı bir araşdırma mövzusudur. Hər hansı bir şirkət virtual valyutanın istehsalına, dövriyyəyə buraxılmasına çalışacaqsa, bunlar göz ardı edilməməlidir çalışacaqsa, bunlar göz ardı edilməməlidir".

 Ekspert Amerikada aparılan araşdırmalara görə, ümumiyyətlə bitkoinlərin çox perspektivli gələcəyinin olacağını proqnozlaşdırıldığını, dünyanın maliyyə mərkəzlərinin bunu gələcəyi olan bir ödəniş sistemi kimi qəbul etdiyini desə də, hələ ki onların stabil kursu olmadığından, sahibkarlar üçün yüksək nəticələr verə biləcəyinin şübhə altında olduğunu düşünür: "Lakin başqa bir məsələ isə bitkoinlərin kursu ilə bağlıdır.  Əgər bunların dəyəri dövriyyəyə ilk dəfə buraxılan zaman 5 dollar idisə, hal-hazırda 110-120 dollara qədər qalxıb. Müəyyən bir müddət isə hətta 250 dollara qədər qalxmışdı. Ona görə də bu sürətli qalxma və sonradan enmə prosesləri  istər-istəməz bu virtual valyutalarda, bitkoinlərdə öz vəsaitlərini saxlamaq istəyən sahibarlara, yaxud da köçürmələri bunun vasitəsilə qəbul etmək istəyən tərəflərə hələlik o qədər də yaxşı nəticə vəd etmir. Bu sistem tamamilə təşəkkül tapdıqdan, formalaşdıqdan sonra, stabil kursu müəyyən olunandan sonra bunun Azərbaycanda istehsalı və buraxılması artıq məcburi bir xarakter alacaqdır". 

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, virtual valyutanın tətbiqi üçün güclü bank sistemi və internetbankinq lazımdır: "Zamanla bizdə də bu sahə inkişaf edəcək. Bunun üçün şərait yetişməlidir".