Ənənəvi olaraq mövsümlə əlaqədar hər il yaz və yay aylarında fərdi evlərin tikintisi artır. Lakin bununla paralel olaraq bəzən belə evlərə texniki pasportlar verilməsi ilə bağlı problemlər də yaşanır və sənədsiz evlərin sayının artmasında qeyd olunan amilin rolu heç də az deyil.
Ekspertlər bu problemin
səbəbini Mövqe.az-a açıqlamalarında şərh ediblər. "Əmlak Bazarı
İştirakçılar" İB-nin icraçı direktoru Ramil Osmanlının sözlərinə
görə, evlərin texniki pasportlar ala bilməməsinin müxtəlif
səbəbləri var: "Əslində, burda səbəblər müxtəlifdir. Ən əsası hələ
tikintiyə başlanılarkən zəruri olan sənədləşdirmə işlərinin ya
qanunvericiliyə uyğun olmaması şərtilə həyata keçirilməsi, ya da ki
sənədlərin müəyyən hissəsini almaqdan imtina edilməsi ilə bağlıdır.
Elə şəxslər var ki, bütün prosedurları keçirlər, amma hər hansı bir
sənədi almaqdan imtina edirlər. Bu da sonradan texniki pasportlar
verilməsində, ümumiyyətlə layihənin dövlət tərəfindən qəbul
olunmasında problemlər yaradır. Başqa bir səbəb isə evlərin
dövlətin balansında olan, eyni zamanda tikinti təyinatlı olmayan
ərazilərdə inşası ilə bağlıdır. Bu problemlər yekun olaraq nəticə
etibarı ilə onların istismara qəbul olunmasında, ümumiyyətlə,
müvafiq mülkiyyət sənədlərinin alınmasında problemlər
yaradır".
Ekspert problemin həlli üçün dövlətin inzibati müdaxiləsinə ehtiyac olduğunu bildirdi: "Problemin həlli üçün aparılan müzakirələrin yekunu olaraq, düşünürəm ki, məsələyə inzibati qaydada müdaxilə olunacaq. Ən azından hesab edirəm ki, qaz çəkilməsi ilə bağlı məsələdə olduğu kimi konkret tapşırıq verilməlidir. Çünki bu eyni zamanda istehlakçı hüquqlarının pozulmasının elementlərindən biridir".
Birliyin ekpserti Rövşən Talıbzadə
bildirir ki, burda ən əsas problem evlərin əksəriyyətinin mühafizə
zolaqlarında tikilməsidir: "Fərdi yaşayış evlərinə gəldikdə isə, bu
gün göstərilir ki, 400-500 minə qədər sənədsiz tikililər var. Bu da
onunla əlaqədardır ki, bu tikililərin əksəriyyəti mühafizə
zolaqlarında tikilir. Bəzilər dəmiryolu bazasında, bəziləri qaz
boruları, neft xətlərinin üzərində tikilibdir. Ona görə də ilk
növbədə aidiyyatı qurumlar belə ərazilərdə konkret olaraq nə qədər
evin olmasını müəyyən etməlidirlər. Yəni, dəmir yolu bazasında,
qaz, neft xətləri üzərində nə qədər tikilinin olduğu dəqiq
hesablanmalıdır. Bunlar müəyyən edildikdən sonra artıq
onların müqəddəratı ilə bağlı qərar qəbul edilməlidir. Əgər qərar
verilsə ki, məsələn, dəmiryolu bazasında filan qədər ev var və
bununla əlaqədar olaraq ordakı dəmir yolu söküləcək, onda həmin
evlərin sənədləşdirilməsi aparılacaq. Yox, əgər qərar verilsə ki,
evlərə görə dəmiryolu sökülməyəcək, onda evlər sənədləşdirilə
bilməz. Bu, aidiyyatı qurumların səlahiyyətindədir. Ölkə Prezidenti
tərəfindən də sənədləşmə ilə bağlı işlər aidiyyatı qurumlara
tapşırılıbdır. Onlarda da müəyyən siyahılar var. Məsələn, Bakı
Şəhər İcra Hakimiyyətində evlərin illərə görə siyahısı var.
Burada əsas məsələ həmin o sənədsiz evlərin konkret olaraq
hansı orqanın balansında olmasını, onların sayını və aqibətini
müəyyənləşdirməkdir. Respublikanın baş planı var. Burda 30
illik bir layihə nəzərdə tutulub. Yəni, plana əsasən 30 il ərzində
haradan hansı kommunikasiya xətlərinin keçəcəyi, dəmir yolu
xətlərinin, metro stansiyalarının harda olacağı və s. bilinir.
Beləliklə, baş plana uyğun olaraq müəyyən eləmək olar ki,
hansı ərazilərdə tikilən evləri hansı aqibət gözləyir".
R.Talıbzadə qeyd edib ki, sənədsiz evlərin çox olması birbaşa olaraq dövlət büdcəsinə ziyandır: "Gec-tez bu məsələ öz həllini tapmalıdır. Ona görə ki, evlərin sənədləşdirilməməsi birbaşa olaraq dövlətin özünə ziyandır. O baxımdan ki, evlər əgər dövlətin balansına götürülmürsə, artıq həmin evlər vergiyə də cəlb olunmur. Amma o evlər sənədləşdirilsə, ordan alınan vergilər büdcəyə xeyir vermiş olar. Buna görə də dövlət bunu nəzərə almalıdır. Hərçənd ki, aidiyyatı qurumlar bu sahədə müəyyən tədbirlər görürlər, lakin bununla belə görülən işlərin sürətləndirilməsinə ehtiyac var".