“Azərsu”-dan məcburi köçkünlərə və internat uşaqlarına bayram sovqatı

19 Mart 2014 16:20 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin 01 iyul 2004-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Novruz bayramı münasibəti ilə Saatlı rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkün ailələrinə ərzaq yardımı edilib. Un, yağ, şəkər tozu, qənd, düyü və digər məhsullarından ibarət ərzaq yardımı Saatlı rayonunda məskunlaşmış Füzuli, Ağdam, Cəbrayıl, Laçın və Zəngilan rayonlarından olan 2257 nəfərdən ibarət 593 məcburi köçkün ailəsinə verilib. "Azərsu" ASC-nin və Azərbaycan Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin əməkdaşları məcburi köçkün ailələrinə ərzaq yardımının paylanmasını təmin edib. Novruz bayramı ərəfəsində Səhmdar Cəmiyyətin əməkdaşları 7 saylı fiziki-əqli qüsurlu uşaqlar üçün internat məktəbinə hədiyyələr təqdim etmiş, bayram şənliyi keçirmişlər.