Bakıda qlobal «Startup Weekend» tədbiri keçiriləcək

19 Mart 2014 18:30 (UTC+04:00)

Aprelin 18-20-də Bakıda qlobal "Startup Weekend" tədbiri keçiriləcək. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, tədbir müstəqil mütəxəssislər, "Startup Weekend" Qlobal Forumu tərəfindən təşkil edilən, Yüksək Texnologiyalar Parkı, "Startup Azerbaijan" və digər sponsorların dəstəyi ilə baş tutacaq. Bu tədbir dünyanı dəyişmək məqsədində olan 45 min "Startup Weekend" məzunlarına qoşulmaq üçün yaradılan bir fürsətdir.

 

Tədbir çərçivəsində sahibkarlar, startap entuziastları, marketerlər, dizaynerlər və proqramçılardan ibarət komandalar yaradılacaq. Komandalar innovativ texnologiyalar əsasında startaplar quracaq və münsiflər heyəti qarşısında təqdimatla çıxış edəcək. Tədbirin təşkilatçılarından biri olan Nail Vəliyevin sözlərinə görə, komandalar 54 saat ərzində qeyri-ənənəvi sahə üzrə innovativ, kreativ ideyalara söykənən minimal işlək məhsul yaratmağa cəhd göstərməlidir. Yarışda iştirak edən komandaların üç gün ərzində startapı tam formalaşdıraraq işlək halda təqdim etməlidir və ümumilikdə prosesin effektivliyini təmin etmək üçün iştirakçılara "mentor" statuslu peşəkarlar tərəfindən məsləhətlər veriləcək.

 

Tədbirdə iştirak etmək üçün ingilis dilini bilmək lazımdır. Həmçinin, qeydiyyatdan keçərək tədbirə bilet də alınmalıdır. Adətən "Startup Weekend"də iştirakın qiyməti 75-150 dollar arasında olur. Biletə 3 gün ərzində 7 dəfə yemək, qəlyanaltı, kofe və sponsorlardan eksklüziv fürsətlər daxildir. Bilet üçün iki variant nəzərdə tutulub. Əgər bilet üçün ödəniş kredit kartı ilə olarsa, 35 dollar, bilet nağd alınarsa, qiyməti 25 manat təşkil edəcək.

 

Təqdimatlar tədbirdə komandanı tapmaq və formalaşdırmaq üçün birinci əhəmiyyətli addımdır. Komanda üzvləri 60 saniyə ərzində özünü təqdim etməli, həll etdiyi məsələ və onun həll yolları haqqında, həmçinin üstünlükləri haqda məlumat verməlidir.

 

İştirakçılar vaxtı yaxşı dəyərləndirməli və seçilməyə çalışmalıdırlar. Təqdimatlar bitdikdən sonra iştirakçılarla ünsiyyət qurmaq üçün 45 dəqiqə verilir.