“Abbas Abbasov danışanda ağzına çullu dovşan sığmır, bəs Jirinovski danışanda niyə susur?”

19 Mart 2014 19:27 (UTC+04:00)

 "Vladimir Jirinovski xəstə və dəlidir. 1970-ci illərdə Türkiyədə SSRİ səfirliyində işləyib, sosializm ideologiyasını yaymaqla məşğul olduğu üçün həbs edilib, bir neçə ay həbsdə yatıb, Türkiyədə "persona non-qrata" elan edilib, diplomatik fəaliyyətinə xitam verilib. Ona görə də türklərə, azərbaycanlılara qarşı böyük nifrəti var. Vaxtilə ona qarşı olan ədalətli prosesi ədalətsiz, əxlaqsız hərəkətləri ilə tamamlamaq istəyir". Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov söyləyib. Qeyd edək ki, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Dövlət Dumasındakı çıxışında Azərbaycan xalqını təhqir edib. O deyib ki, Azər - Xəzər dənizi, baca - yer deməkdir, bunun da ruscaya tərcüməsi xəzərilərdir ki, bu da millət deyil. S.Novruzov bildirib ki, V.Jirinovski tək Azərbaycanla bağlı yox, Ukrayna, Gürcüstan, Türkiyə və Şərqi Avropa ölkələri ilə bağlı şizofreniya xəstəsi kimi çıxışlar edir. Prezident seçkilərində isə Rusiyanın mədəniyyət simvollarından olan Alla Puqaçovaya qarşı heç bir çərçivəyə sığmayan tərbiyəsiz sözlər dilə gətirib: "Vladimir Jirinovskinin ruslara aidiyyəti yoxdur, özünü Roma Papasından daha artıq katolik aparır. O, Rusiya parlamentinin təlxəyidir. Jirinovski bəzən beynəlxalq təşkilatların tədbirlərinə də gəlir. Məsələn, şahidi olmuşam ki, NATO Parlament Assambleyasına gələndə hamı onu fitə basıb. Dünyada da təlxək kimi qəbul edilir". S.Novruzov Rusiyada yaşayan azərbaycanlıların V.Jirinovski kimi insanlara etiraz bildirməsini də zəruri sayıb: "Çünki Vladimir Jirinovski bu fikirləri Azərbaycanda deyil, kənarda deyir. Azərbaycanda desəydi, məsuliyyətə cəlb olunardı. Məsələn, Rüstəm İbrahimbəyov Rusiyada yaşayır, bu ölkənin vətəndaşıdır. Əgər Rüstəm İbrahimbəyov deyirsə ki, Azərbaycan ziyalısıyam, Azərbaycan xalqını təhqir edənlərə münasibətini ortaya qoymalıdır. Yaxud Söyün Sadıxov var, Vladimir Jirinovskinin qarşısına çıxıb mövqe ortaya qoya bilmir, çünki mövqesizdir. Eyni sözləri Abbas Abbasov haqqında da demək olar".

Millət vəkili, politoloq Rasim Musabəyov isə APA-ya açıqlamasında V.Jirinovskinin axmağın biri olduğunu vurğulayıb: "Vladimir Jirinovskinin xüsusi reputasiyası var. Özünə hörmət adamlar adətən ona cavab vermir".

Politoloq Qabil Hüseynli də APA-ya açıqlamasında V.Jirinovskinin ciddi adam olmadığını bildirib: "Həm də Vladimir Jirinovski tədqiqatçı deyil. Əgər bu regionun tarixi ilə məşğul olsaydı, elementar bilikləri olsaydı, polemika aparaq olardı. Qarşıda tamamilə nadan, amma avantürist xarakterli, həm də yəhudi mənşəli səfeh bir adam durub. Bunun ağzından hər cür hədyan çıxa bilər, təki ağalarına xoş gəlsin. Yəni Kreml beynəlxalq ideoloji müharibədə, başqa xalqlara qarşı Jirnovskidən bir alət kimi istifadə edir. Amma Vladimir Jirinovskinin Rusiyanın özündə də kifayət qədər pis qarşılanan siyasi imici var. Daha çox siyasi kloundur, ipləri də Kremlin ideoloji sahəyə rəhbərlik edən adamlarının əlindədir". Q.Hüseynli Rusiyada yaşayan fəal azərbaycanlıların V.Jirinovskinin sərsəmləmələrinə qarşı mövqe ortaya qoymalarını da vacib sayıb: "Vladimir Jirinovski dəfələrlə Azərbaycan xalqını təhqir edib, Dağlıq Qarabağın Rusiyaya birləşdirilməsinə dair fikirlər söyləyib. Amma Abbas Abbasov, Rüstəm İbrahimbəyov, Söyün Sadıxov kimi adamlardan bir səs yoxdur. Necə azərbaycanlıdırlar? Abbas Abbasov danışanda ağzına çullu dovşan sığmır, Azərbaycan prezidentinə, dövlətinə sadiq olduğunu söyləyir, bəs niyə susur? Əgər Abbas Abbasov, Söyün Sadıxov, Rüstəm İbrahimbəyov ona cavab vermirsə, heç olmasa, məhkəmə iddiası qaldırmırlarsa, demək, vətənpərvərlik duyğusundan məhrum insanlardır. Onların Azərbaycanla bağlı söz söyləməyə haqları yoxdur".