MDB dağılmağa başlayır

20 Mart 2014 07:23 (UTC+04:00)

Krımın Rusiyaya birləşdirilməsinin bundan sonra hansı nəticələrə gətirib çıxaracağı xüsusi maraq doğurur. Məlumat verildiyi kimi, Moskva Ukrayna və Qərbin kəskin etirazlarına rəğmən, Krım yarımadasını qədim rus torpaqları adı altında öz tabeçiliyinə keçirdi. Aydın məsələdir ki, Rusiyanın bu addımı onunla birlikdə MDB-də təmsil olunan və Krımda baş verən son hadisələr fonunda ərazisinin bir hissəsi işğala məruz qalan Kiyevin Moskvadan incikliyini daha da artırıb.

Ukrayna hökuməti heç şübhəsiz Rusiyanın bu hərəkətinə münasibətdə Qərbə inteqrasiya prosesini daha da gücləndirəcək. Onsuz da hazırkı Kiyev hökuməti Ukraynanın Avropa İttifaqı ilə daha sıx əlaqələrinin qurulmasında, ölkənin bu birliyə üzv olmasında maraqlıdır. Digər tərəfdən, bəllidir ki, Ukrayna hazırda Rusiya ilə birlikdə MDB-də təmsil olunur. Özü də MDB-nin növbəti sammiti Kiyevdə keçirilməlidir. Bu o deməkdir ki, hazırda Kiyev ərazisinin bir hissəsini işğala məruz qoyan ölkə ilə eyni qurumda təmsil olunur. Aydın məsələdir ki, eyni bir qurumda təmsil olunan iki dövlətdən birinin digərinin ərazisini özünə qatmaq niyyəti və onu reallaşdırması bu ölkələrin bundan sonra birgə təşkilatda təmsil olunmalarını sual altına qoyur. Bu isə o anlama gələ bilər ki, Gürcüstanın ardınca, Ukrayna da MDB ilə əlaqələrini tamamilə kəsmək qərarına gələ bilər. Xatırladaq ki, 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana hücümu və Abxaziya ilə Cənubi Osetiyanı ondan ayırması ilə Tiflis MDB-də qalmağı özünə rəva görməyərək bu qurumla əlaqələri kəsdi. İndi isə Ukrayna 6 il öncə Gürcüstanın üzləşdiyi situasiya ilə üz-üzə qalıb. Bu fonda hələlik Kiyev MDB-dən çıxmaqla bağlı qəti qərar verməsə də, Ali Radada həmin məsələ kəskin şəkildə qabardılır. Belə bir vəziyyətdə, MDB-nin tamamilə dağılması da istisna olunmur.

Politoloq Qabil Hüseynli məsələ ilə bağlı bildirdi ki, son hadisələrdən sonra Kiyevin MDB-dən çıxması birmənalıdır. Sadəcə olaraq, Ukrayna MDB-nin öz ölkəsində keçirilməli olan sammitini gözləyir: "Ukrayna mütləq MDB-dən çıxacaq. Hətta, MDB-dən çıxma barədə məsələ Ali Radada müzakirə olunub. Düzdür hələ ki, bununla bağlı tam qərar verilməyib. Hazırda Ukrayna MDB-yə sədrlik edir. Qurumun növbəti sammiti Kiyevdə keçirilməlidir. Ukrayna hələ ki, bu situasiyada Rusiyanın neçə manevr edəcəyini gözləyəcək. Kiyevdə keçirilməsi gözlənilən MDB sammitində Ukrayna hökuməti çalışacaq ki, MDB ölkələrinə Krımda baş verən olaylarla bağlı müraciət etsin. Düzdür, Moskva yeni hökuməti tanımır və Kiyevdə MDB sammitinin keçirilməsinə razı deyil. Amma hər halda MDB sammitinin keçirilməsində bir dalan vəziyyəti yaranıb. Bu vəziyyət də Rusiyanın xeyrinə deyil. Güman edirəm ki, Ukrayna heç bir şübhə olmadan MDB ilə əlaqəsini kəsəcək. Çünki hazırda Kiyevin Avropa Birliyi, NATO-ya üzvlüyü ilə bağlı müzakirələr gedir. Belə olan şəraitdə Ukraynanın MDB-də qalacağı gözlənilmir. Bu barədə qərar da var. Sadəcə olaraq, Rusiyanı rüsvay etmək, MDB-nin perspektivsizliyi barədə ictimai rəy formalaşdırmaq üçün Kiyev sammitini gözləyir". Həmsöhbətimiz bu qənaətdədir ki, bundan sonra MDB-nin mövcudluğu məsələsi çətin duruma düşəcək: "Digər ölkələr də bu qurumla əlaqələri kəsmək barədə düşünə bilərlər. Moldova da MDB-dən çıxmağa çalışır. Qalan dövlətlər isə formal olaraq MDB-də iştiraklarını təmin edir. Ümumiyyətlə, Rusiyanın bir çox planları alt-üst olduğu kimi MDB məsələsi də böhran keçirəcək. Bu əsasda da MDB-nin ciddi perspektivini görmürəm".

Politloq Elxan Şahinoğlu da Ukraynanın artıq MDB-də qalmayacağına əmindir: "Son hadisələr Ukraynanın MDB-dən çıxmasını qaçılmaz edir və yaxın aylarda Kiyev heç şübhəsiz belə bir addımını gerçəkləşdirəcək. Vaxtilə Gürcüstan da Rusiyanın Abxaziya və Cənubi Osetiyanı ondan qoparmasına etiraz olaraq qurumu tərk etmişdi. İndi gördüyümüz kimi, Ukrayna MDB-nin digər üzvü olan Rusiya tərəfindən təcavüzə məruz qalıb. Rusiya Ukraynaya məxsus bir ərazini özününkü elan edib. Belə olan halda, Ukraynanın MDB-də qalacağını düşünmək mümkünsüzdür. Çünki bu qurumda olan Rusiya başqasına məxsus ərazini özünə qatdığını elan edir, digər tərəfdən də MDB belə təcavüzləri aradan qaldırmaq gücündə və yaxud istəyində deyil. Belə olan halda Ukraynanın MDB-də qalması sadəcə olaraq, vaxt itirməkdən başqa bir şey ola bilməz. Ona görə də yaxın zamanlarda MDB üzvlərinin sayının 11-dən 10-a düşəcəyinin şahidi olacağıq, bu birmənalıdır. Ukraynadakı hadisələr MDB-nin perspektiv qurum olmadığını bir daha təsdiqlədi. Bu isə qurumun artıq çürüdüyünə işarədir.

Burada olan dövlətlər sadəcə olaraq, hələlik Rusiyanın təpkisi sayəsində orada qalır. Amma bir balaca inciklik düşən kimi digərləri də qurumu tərk etmək barədə düşünəcəklər. MDB-nin gələcək perspektivi yoxdur".

Bu arada məlum olub ki, Ukrayna Müstəqil Dövlət Birliyində (MDB) sədrlikdən imtina etmək qərarına gəlib. Bunu Ukrayna XİN-in İnformasiya departamentinin direktoru Yevgeni Perebiynıs deyib. O bildirib ki, Ukrayna MDB-də bundan sonra qalıb-qalmamaq barədə qərar qəbul etmək hüququnu da özündə saxlayır. Y. Perebiynıs qeyd edib ki, Ukrayna MDB-nin bu qurumun ayrı-ayrı üzvlərinin, xüsusən Rusiyanın maraqlarının qorumaqla məşğul olan bir orqana çevrilməsindən təəssüflənir.