Gülçülük hələ də tənəzzüldən xilas ola bilməyib

20 Mart 2014 07:29 (UTC+04:00)

Özəl günlərdə bazarlarda gülün satış qiymətinin nə qədər yüksəldiyinin hər kəs fərqindədir. Xüsusən də xaricdən gətirilən güllərin qiyməti bir neçə ildir artır. Özü də son illərdə xaricdən ölkəmizə daha çox miqdarda gül gətrilməkdədir. Halbuki Azərbaycanda yerli gül bitkilərinin qiyməti dəfələrlə ucuzdur və bu sahəyə diqqət yetirilsə həm idxala ehtyiac qalmaz, həm də bu bitkinin geniş çeşiddə ixracı mümkün ola bilər.

Hazırda bu sahədə əhalinin tələbatı daha çox idxal hesabına ödənilir. Ancaq Sovetlər dövründə Bakı kəndlərindəki gülçülük təsərrüfatları həm Azərbaycanı, həm də keçmiş İttifaqı güllə təmin edə bilirdi. Çünki vaxtilə Azərbaycanın Abşeron, Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlan ərazilərində gülçülük sovxozları fəaliyyət göstərib. Şəki-Zaqatala bölgəsində isə respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı olub.

Mərkəzi Nəbatat Bağının "Çiçəkçilik" laboratoriyasının rəhbəri Asəf İsgəndərov bildirdi ki, ölkəmizin gülçülük sahəsi 1990-cı illərin əvvəllərində məlum hadisələr başlayanda zərbə aldı: "Fərdi təsərrüfat sahələri, Şüvəlanda gülçülük, Zaqatalda efir yağları sovxozu var idi. Həmin illərdə onların hamısı məhv oldu. Bu günlərdə Türkiyədən olan iş adamları ora sərmayə qoyub yenidən inkişaf etdirmək istəyirlər. Yəni, qızılgüllərin plantasiyalarını yaratmaq arzusundadırlar. Ölkəmizdə gülçülüyü inkişaf etdirmək üçün bu işə dövlət səviyyəsində qoşulmaq lazımdır. Onsuz da hazırda fərdi təsərrüfatlar var.

Bu yaxınlarda biz qızılgülün əlavə 9 sortunu kəşf etmişik. Azərbaycana məxsus çox saylı qızılgül sortları, qərənfil, kala və s. müxtəlif güllərimiz var. Həm də Azərbaycanın tələbatı tam yerli istehsal hesabına ödəmək kimi potensialı mövcuddur. Dövlət fərdi təsərrüfatlara güzəştli kredit verərsə, inkişafı görmək olar. Amma digər tərəfdən də bildirim ki, bu gün vətəndaşlarımızın gülə olan tələbatı o qədər çox deyil. Sovetlər dövründə azərbaycanlılar çiçək bitkilərinə çox meyl edirdilər. Amma indi tələbat az olduğuna görə Abşeronda olan bütün gülçülük təsərrüfatları tərəvəz təsərrüfatına çevirilib. Halbuki vaxtı ilə Azərbaycanın gülləri Moskvaya ixrac olunurdu. İndi ona tələbat olmalı və gülçülüyün inkişafı üçün şərait yaradılmalıdır. Hazırda ölkəmizdə yaşıllaşdırma prosesi gedir, ancaq bunu gülçülüyə aid edə bilmərik".

Kənd təsərrüfatı üzrə ekseprt Nizami Qarayev bildirdi ki, Azərbaycan vaxtı ilə gül istehsalı ilə ciddi məşğul olub: "Xüsusi ilə Abşeron yarımadasında insanlarımız gül istehsalı ilə məşğul olsalar da, onun böyük bir hissəsi Rusiya bazarlarına ixrac olunurdu. O zaman Azərbaycan Rusiyanı güllə təmin edən əsas ölkələrdən biri olub. Ancaq İttifaq dağılandan və məlum 20 yanvar hadisələrindən sonra Azərbaycanda becərilən əsas gül növlərindən olan qərənfilin istehsalı sanki dayanıb. Azərbaycan özünün ənənəvi bazarını itirib. Ondan sonra Azərbaycanda gül istehsal edilən sahələrdə daha çox tərəvəz istehsalı genişlənməyə başlayıb. Elə bir vəziyyət yaranıb ki, Azərbaycan vaxtı ilə qonşu ölkələrə gül satırdısa, indi Hollandiya və digər xarici ölkələrdən gül idxal olunur. Bu, iki səbəblə bağlıdır. Azərbaycan reformlara - gül istehsalında baş verən dəyişiklərə hazır olmadı. İnsanların zöqvləri dəyişib. Yeni gül çeşidlərinə ehtiyac yaranıb. Amma bunların becərilməsi ilə bağlı Azərbaycanda xüsusi təcrübə olmadığından və bu sahədə iş adamları investisiya qoymadığından gülçülük sektorunda tənəzzül başladı. Azərbaycanda gülçülüyün inkişafı üçün çox münbit şərait var. İlk olaraq torpaq-iqlim şəraiti qeyd olunmalıdır. Azərbaycanda iqlim amili elədir ki, ilin istənilən vaxtı, hətta sərt qış keçdiyi illərdə belə gül istehsalını təşkil etmək mümkündür. Bakı kəndlərində isə kifayət qədər işçi qüvvəsi var. Maliyyə resurslarına ehtiyac var ki, bu da Azərbaycanda problemli məsələlərdən deyil. İş adamları bura öz investisiyalarını yönəldə bilərlər. Sadəcə olaraq, investorlar arasında izahat işləri aparmaq lazımdır ki, bu sahə iqtisadi cəhətdən səmərəlidir. Burada investisiya qoyaraq ciddi gəlir əldə etmək olar. Bu istiqamətdə araşdırma aparılmalı, iş adamlarına tövsiyələr verilməlidir".