"ASAN xidmət”in əhatə dairəsi genişləndi

20 Mart 2014 10:30 (UTC+04:00)

Sumqayıt "ASAN xidmət" mərkəzi ətraf rayonların sakinlərinə də xidmət göstərəcək.

 

 

 

"ASAN xidmət" Dövlət Agentliyinin  Beynəlxalq və ictimai əlaqələr şöbəsinin məlumatına görə, 25 mart 2014-cü ildən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan Sumqayıt "ASAN xidmət" mərkəzi Şamaxı, Qobustan, Quba, Qusar və Xaçmazın ümumi sayı 550 mindən çox sakininə də xidmət göstərəcək.

 

 

 

2013-cü ilin may ayından fəaliyyətə başlayan və 260 mindən çox müraciəti qəbul edən Sumqayıt "ASAN xidmət" mərkəzi Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Siyəzən və Şabran rayonlarını da əhatə edir. "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir. Vətəndaşlar mərkəzlərdə dövlət orqanları və özəl qurumlar tərəfindən   göstərilən 150-dən çox xidmətdən yararlana bilərlər. 

 

 

 

"ASAN xidmət" mərkəzlərinin fəaliyyəti haqqında ətraflı məlumatı 108 Çağrı mərkəzinə zəng etməklə və ya www.asan.gov.az internet səhifəsindən əldə etmək olar.