Bakıdakı teatrların “Novruz“ repertuarı- ARAŞDIRMA
20 Mart 2014 13:56 (UTC+04:00)
Artıq baharın gəlişinə saatlar qalıb. Hər bayramın öz gözəlliyi, öz
xüsusiyyətləri var. Novruz bayramı özünün xonçası, səmənisi,
paxlavası, şəkərburası və əsas atributları olan Kosa, Keçəl və
Bahar qızı ilə yadda qalır. Bu bayramda balacalar da sevinir, ona
görə ki, özlərinin nağıl qəhrəmanlarını görəcəklər. Bəs, onları bu
bayram günlərində öz qəhrəmanları ilə hansı teatrlar
qarşılayacaq?
AzNews-az bununla bağlı paytaxtda fəaliyyət göstərən teatr
salonlarının bayram repertuarı ilə bağlı araşdırma aparıb:Akademik
Milli Dram Teatrından bildirdilər ki, artıq burada Novruz şənliyi
başlayıb. Martın 19-dan başlayan "Novruz şənliyi" adlı proqram
martın 24-də yekunlaşacaq. Proqramda teatr artistlərinin ifasında
bayram atributlarının obrazları canlandırılacaq, Kosa, Keçəl və
Bahar qız bir-birindən maraqlı səhnəciklər təqdim edəcəklər.
Opera və Balet Teatrı isə Novruz bayramında bizim balacaları
Gürcüstanın "Multi-Pulti dünyası" teatrının aktyorları ilə təbrik
edəcək. Teatr kiçik yaşlı tamaşaçılara "Maşa və Ayının novruz
sərgüzəştləri"ni təqdim edəcək. Balaca tamaşaçılar sevimli
personajlarını martın 18-dən 23-nə kimi bu teatrda görə biləcəklər.
Tamaşa iki dildə - Azərbaycan və rus dillərində təqdim olunacaq.
Məşhur cizgi filminin motivləri əsasında, gürcü rejissoru Qoça
Kviçianın quruluşunda hazırlanan tamaşada gürcü və azərbaycanlı
aktyorlar çıxış edəcək.
Gənc Tamaşaçılar Teatrında da Novruz şənliyi artıq başlayıb.
Teatrdan bildirilib ki, balacalar bu bayramda "Qırmızı papağın
nağılı" tamaşasına baxacaqlar. Tamaşa martın 15-dən 24-nə kimi
davam edəcək.
Heydər Əliyev Sarayında isə Novruz şənliyi iki gün balacaları
sevindirəcək. Saraydan verilən məlumata görə, "Novruz şənliyi" adlı
konsert proqramında bayram atributları olan Kosa, Keçəl, Bahar
qızın nağılı təqdim olunacaq. Bundan başqa sarayda konsert proqramı
da hazırlanıb. Konsertdə tanınmış sənət adamları, şou-biznes
nümayəndələri öz ifaları ilə nağıl qəhrəmanlarının ölkəmizə
gəlişinə rəng qatacaq. Konsert martın 22-23-də keçiriləcək.Abdulla
Şaiq adına Dövlət Kukla Teatrında isə xüsusi olaraq Novruz
şənlikləri keçirilməyəcək. Teatrdan verilən məlumata görə, bayram
günlərində bu sənət müəssisəsi öz repertuarı ilə fəaliyyət
göstərəcək. Balacalar gündə 3 dəfə teatrın repertuarında olan nağıl
qəhrəmanlarından bəhs edən tamaşalara baxa biləcək.Dövlət Rus Dram
Teatrında isə "Xəzərdə Novruz" adlı bayram tamaşası keçiriləcək.
Teatrdan verilən məlumata görə, tədbir cizgi filmi qəhrəmanlarının
iştirakı ilə baş tutacaq. Tamaşa martın 19-dan 24-nə kimi bu
mədəniyyət ocağının səhnəsində təqdim olunacaq. Dövlət Musiqili
Teatrın kollektivi də bu bayramı keçirməmək qərarına gəlib.
Teatrdan bildirilib ki, bu sənət ocağı yeni açılış etdiyindən bir
müddət öz repertuarını təqdim edəcək. Novruz bayramının ən böyük
şənliyi isə Dənizkənarı Milli Parkda keçirilir. Tədbir Bakı Şəhər
İcra Hakimiyyəti və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin
təşkilatçılığı ilə reallaşır.