Gürcüstan prezidenti azərbaycanlılarla görüşdü
20 Mart 2014 18:29 (UTC+04:00)
Gürcüstan prezidenti Georgi Marqvelaşvili
azərbaycanlıların yığcam yaşadıqları Kvemo Kartli-Borçalı
bölgəsinin Qardabani rayon mərkəzində əhali ilə görüşüb və
soydaşlarımızı Novruz bayramı münasibətilə təbrik edib, sülh,
xoşbəxtlik və cansağlığı arzulayıb.
Tədbir maraqlı konsert proqramı ilə davam edib,
Azərbaycan və gürcü ifaçıların çıxışları iştirakçıların alqışlarına
səbəb olub.
Qocaman aşıq Aslan Kosalı prezidentə saz hədiyyə
edib.
Sonra Georgi Marqvelaşvili Qardabani şəhərinin
sakini Telman Xəlilovun ailəsində açılan bayram süfrəsində Novruz
təamlarından dadıb və xatirə şəkli çəkdirib.
ANS PRESS-in verdiyi məlumata görə, Georgi
Marqvelaşvili müsahibəsində deyib ki, "Bu gün ölkəmizin
azərbaycanlı əhalisi Novruz bayramını qeyd edir. Belə bir gözəl
bayramın iştirakçısı olmağımdan məmnunluq duyuram. Baharın simvolu
olan Novruz münasibətilə Gürcüstan azərbaycanlılarını
səmimi-qəlbdən təbrik edir, onlara həyatda uğurlar, fəal vətəndaş
mövqeyi arzulayıram".
Bu yaxınlarda Bakıya səfəri barədə təəssüratlarını
bölüşən Gürcüstan prezidenti qeyd edib ki, bir sıra ölkələrdə
səfərlərdə olub, ancaq Azərbaycanda gördüyü mehribançılıq və
səmimiyyəti çox yerdə hiss etməyib. G. Marqvelaşvili səmimiyyətə və
mehriban qonşuluq münasibətinə görə Azərbaycanın dövlət başçısı
İlham Əliyevə təşəkkürünü bildirib, Novruz bayramı münasibətilə
azərbaycanlı həmkarını və xalqımızı təbrik edib, sülh,
əmin-amanlıq, sabitlik arzulayıb.
Tədbirdə Azərbaycan Respublikasının Grcüstandakı
səfiri Azər Hüseyn iştirak edib.