Avropa Parlamentində Azərbaycanla bağlı müzakirələr keçirildi

21 Mart 2014 12:02 (UTC+04:00)

Martın 20-də Avropa Parlamentində Aİ-Azərbaycan, Aİ-Ermənistan və Aİ-Gürcüstan Parlament Əməkdaşlıq Komitəsinin hazırlıq iclası keçirilib.

 

Movqe.Az  eunews.az-a istinadən xəbər verir ki, iclasa Avropa Parlamentinin Çex Respublikasından olan deputatı Milan Sabrnox (Milan Cabrnoch) sədrlik edib.

 

Gürcüstanın Belçika Krallığı, Lüksemburq Hersoqluğundakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Natali Sabanadze çıxışının əvvəlində Ukraynada baş verən son hadisələrin bütün region və Avropa üçün təhlükə olduğunu vurğuladı. Bunun ardınca, ölkəsi ilə Aİ arasında görülmüş və görülməli olan işlərdən söz açdı.

 

 

 

Azərbaycanın Belçika Krallığı, Lüksemburq Hersoqluğundakı səfiri və Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri Fuad İsgəndərov Aİ və Azərbaycan arasındakı münasibətlərin inkişafından, enerji və digər sahələrdə əməkdaşlıqdan danışıb. O, Aİ institutlarını bəzən Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirməkdə günahlandırdı. Daha sonra səfir təcavüz və separatçılıq siyasətinin iyirmi beş ildən artıq bir müddətdə regionun sabitliyi və təhlükəsizliyini pozduğunu bildirdi.

 

 

 

Avropa Xarici Siyasət Xidmətinin nümayəndəsi Adriano Martins hər iki ölkə barəsində ayrıca məruzə ilə çıxış edərək onların Aİ üçün xüsusi əhəmiyyətə malik ölkə olduğunu diqqətə çatdırdı. Onun sözlərinə görə, Aİ Gürcüstanla bu ilin sonunadək Assosiasiya Müqaviləsini imzalamağa çalışacaq. O, Gürcüstanı siyasi islahatları intensivləşdirməyə çağırdı.

 

Azərbaycanın Aİ ilə münasibətlərinin pozitiv olduğunu deyən Martins, əlaqələrin yüksələn xətt ilə inkişaf etdiyini diqqətə çatdırdı. Bundan əlavə o, Azərbaycanın da siyasi islahatlarının sürətləndirməsinin vacibliyini vurğuladı. Onun sözlərinə görə, təmsil etdiyi qurum Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində atəşkəsin pozulma hallarının intensivləşməsindən narahatdır.

 

 

Sonda Azərbaycan səfiri Fuad İsgəndərov təcavüz siyasəti ilə bağlı hamını diqqətli olmağa səslədi. Onun sözlərinə görə, tərəfdaş ölkələrin birinin zərbə altına düşməsi bütün layihənin gələcəyini sual altına qoya bilər.