Millət vəkilindən banklara ittiham
21 Mart 2014 12:41 (UTC+04:00)
"Bəzən banklar xərcləri şişirdirlər ki, faizləri yuxarı
qaldırsınlar".Movqe.az xəbər verir ki, bu barədə ANS PRESS-ə
açıqlamasında Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri
Ziyad Səmədzadə deyib. O bildirib ki, sahibkarlara verilən bu günki
yüksək faizlər məqbul deyil:
"Bəzən banklar xərcləri şişirdirlər ki, faizləri yuxarı
qaldırsınlar. Amma biz monitorinq aparsaq, daha dəqiq təhlillər
etsək heç şübhəsiz ki, bankların sahibkarlara verdikləri
kreditlərin faiz dərəcələri aşağı düşəcək. Əvvəlki illərə nisbətən
hazırda kifayət qədər ucuz vəsaitləri cəlb etmək mümkündür. Banklar
ucuz maliyyə vəsaitlərini cəlb edə və bunu xeyli səmərəli formada
istifadə edə bilərlər".
İqtisadi Siyasət Komitəsinin sədri həmçinin bildirib ki, banklar
elə kredit faizləri müəyyən etməlidirlər ki, bu sahibkarlara qazanc
əldə etməyə imkan versin:"Bizim sahibkarlarımız daha çox real
sektora üstünlük verməlidirlər. Real sektoru inkişaf etdirməklə biz
ölkə iqtisadiyyatında rəqabət qabiliyyətini artıra bilərik.
Sahibkarlar bu sahəyə diqqət yetirməlidir. Sahibkarlarımız üçün
kifayət qədər güzəştli kreditlər var. Sahibkarlığa Kömək Milli
Fondu vasitəsi ilə alınan kreditlər yeni emal müəssələrinin
yaradılmasına, məhsul istehsalının artırılmasına yönəldilməlidir.
Təbii ki, burada kreditlərdən də istifadə edilməlidir. Ancaq bu
kredit resursları gözəştlərlə verilməli, faizlər aşağı düşməlidir.
Yəni sahibkar hesablamalıdır ki, bu kreditləri almalıyam,
ödəməliyəm və eyni zamanda mənfəət qazanmalıyam. Ona görədə
optimallıq olmalıdır. Bu günki yüksək faizlər məqbul deyil.
Fazilərin azaldılması istiqamətində müəyyən addımlar atılmalıdır.
Dünya təcrübəsi ölkənin inkişaf səviyyəsi nəzərə alınmalıdır".