İtən təyyarənin axtarışı genişlənir
24 Mart 2014 12:04 (UTC+04:00)
Mart ayının 8-də radarlardan itən Malayziyaya
məxsus "Boinq-777" təyyarəsinin axtarışlarına yeni ölkələr qoşulur.
Çin və Yaponiya Hind okeanının cənub hissəsində aparılan axtarış
əməliyyatlarına cəlb ediliblər. Bu ölkələr onlarla təyyarə və hərbi
gəmi ilə işə başlayıblar.
Peyk şəkillərinə əsasən, təyyarənin qalıqları ola
biləcək obyektlərin yerləşdiyi 70 min kvadrat kilometr sahəsi olan
ərazini 10 təyyarə nəzərdən keçirəcək. Bu gün bölgədə hava
şəraitinin pisləşəcəyi və bunun axtarış əməliyyatını
çətinləşdirəcəyi proqnozlaşdırılır.
Xatırladaq ki, martın 8-də Malayziyanın paytaxtı
Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə uçarkən Vyetnam səmasında
radarlardan itən "Boinq-777" təyyarəsində ekipaj üzvləri ilə
birlikdə 239 nəfər olub.