Nura Surinin klipi xarici kanalda nümayiş olunub (VİDEO,FOTO)

25 Mart 2014 12:18 (UTC+04:00)
Nura Suri Rusiyanın tanınmış musiqi şirkəti ilə əməkdaşlığa başlayıb. Movqe.az ans press-ə istinadən xəbər verir ki , tanınmış müğənni "Youtube" kanalının daxilində fəaliyyət göstərən və Rusiyanın ən böyük musiqi kanallarından hesab olunan "ELLO ELLO" ilə iş birliyi qurub. İfaçının yeni "Brilliantlar" klipi sözügedən kanalda təqdim olunub. 

Tiflisdə çəkilən "Brilliantlar" klipini gürcü rejissor Zaza Uraşvili ərsəyə gətirib. Mahnının söz və musiqisi Murad Arifə məxsusdur. "Brilliantlar" klipinin ilk təqdimatı 24 fevral tarixində Bakıda keçirilib. 

Qeyd edək ki, kanalda Rusiyanın və Ukraynanın tanınmış ifaçılarının klipləri yerləşdirilir. Ancaq bu, ifaçının razılığı ilə həyata keçir və bunun üçün xüsusi müqavilə imzalanır. Kanalda Dan Balan, Nüşa, Vera Brejneva, Dima Bilan, Fillip Kirkorov, Ani Lorak, Valeriy Meladze və digər tanınmış ifaçıların klipləri nümayiş olunur. 

"ELLO ELLO" tez bir zamanda kifayət qədər istifadəçi toplayıb və yüksək baxış sayı qazanıb. Kanal dünyanın ən böyük musiqi şirkətlərindən olan Universal Music, Warner Music Russia və Velvet Musiclə əməkdaşlıq edir. 

Onu da xatırladaq ki, "ELLO ELLO" kanalında daha öncə ancaq Eldar Qasımovun, Nigar Camalın və Anar Bəylərin klipləri təqdim olunub.