MTRŞ-dan azərbaycanlıların vəhşi kimi təqdim edilməsinə REAKSİYA
25 Mart 2014 14:44 (UTC+04:00)
"Azərbaycanlıların vəhşi kimi təqdim edildiyi filmin Rusiya dövlət
kanalında yayımlanması təəssüfləndirici haldır". Bunu AzNews.az -a
Azərbaycan Milli Televiziya və Radio Şurasında (
MTRŞ)
sədri Nuşiravan Məhərrəmli bildirib. O, hesab edir ki, indiki
vəziyyətdə bu cür məsələlərə soyuqqanlı yanaşmaq lazımdır: "Bu
məsələ Rusiyanın hazırda, həssas dövrdə yeritdiyi siyasətdir və bu
da başadüşüləndir. Təbii ki, o siyasətə də Azərbaycan tərəfi də
lazımi cavabı verəcək".
Qurum rəhbəri deyib ki, bütün bunları nəzərə alaraq, "Rossiya 1"də
yayımlanan "Svoya pravda" ("Onların həqiqətləri") adlı filmdə
Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli məlumatlara
görə MTRŞ tərəfindən hər hansı bir rəsmi məktub ünvanlamayacaq. O
Azərbaycanın Rusiyanın dövlət kanalına cavabı müxtəlif səpkili
yollarla olacağını da istisna etmədi.
Qeyd edək ki, anspress-in məlumatına görə, Rusiyanın dövlət kanalı
"Rossiya 1"də yayımlanan "Svoya pravda" ("Onların həqiqətləri")
adlı filmdə Azərbaycan haqqında həqiqəti əks etdirməyən qərəzli
məlumatlar Moskvada yaşayan Azərbaycan diasporunun da ciddi
etirazına səbəb olub. Rusiyanın politoloqları da Krım hadisələrin
davam etdiyi bir vaxtda dövlət kanalında belə bir filmin
yayımlanmasının MDB respublikalarına siyasi mesaj məqsədi daşıdığı
fikrindədirlər. Filmin nümayiş olunduğu "Rossiya 1" kanalı isə film
haqqında hər hansı mövqe bildirməkdən yayınıb. Atıq Azərbaycanın
Rusiyadakı səfirliyindən isə film haqqında lazımı tədbirlərin
görüldüyü bildirilib. Film Sovet İttifaqının dağıldığı dövrləri
əhatə edir. Xatırladaq ki, film Azərbaycanın ucqar dağ kəndindən
Bakıya gələn rus qadının taleyi üzərində qurulub. Təxminən 3,5
saatlıq filmdə vəhşi və amansız kimi təqdim edilən
azərbaycanlıların erməniləri və rusları döyməsi, erməni ailəni
qətlə yetirməsi kimi səhnələr yer alıb. Etirazlara da səbəb
Azərbaycanın bu cür yanlış təqdim edilməsidir.