Bakı-Qazax yolunda dəhşətli qəza

25 Mart 2014 14:54 (UTC+04:00)

Bakı-Qazax avtomobil yolunda ağır yol qəzası baş verib. Şahidlərin APA-ya verdiyi məlumata görə, hadisə bu gün saat 14:30 radələrində magistralın Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Yanacaq daşıyan yük maşını "Mercedes" markalı və daha bir neçə minik maşını ilə toqquşub, daha sonra idarəetməni itirərək aşıb. Nəticədə, bir nəfər ölüb, bir neçə sərnişin ağır xəsarət alıb.

Yanacaq daşıyan maşın yolun hərəkət hissəsinə aşdığından yolda nəqliyyatın hərəkəti məhdudlaşıb və yanacaq dağılıb.

Hazırda baş verə biləcək partlayış və yanğın təhlükəsini nəzərə alaraq orada olan şəxslər ərazidən uzaqlaşdırılır.