İlham Əliyev: "Ermənistanın köhnə AES-i region üçün böyük təhdiddir"
25 Mart 2014 23:05 (UTC+04:00)
Movqe.az ans press-ə istinadən xəbər verir ki
,Niderland Krallığının Haaqa şəhərində keçirilən III Nüvə
Təhlükəsizliyi Sammiti martın 25-də öz işini davam etdirmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış
edib.
Sammitin ikinci iş günü nüvə təhlükəsizliyi
sahəsində milli və beynəlxalq tədbirlərin əhəmiyyətinə həsr olundu.
Bu sahədə dünya ölkələri arasında əməkdaşlığın daha da
möhkəmləndirilməsinin vacibliyi vurğulandı. Dünya liderləri bu
Zirvə görüşündə də nüvə terrorizminin qarşısının alınması üzrə
uzunmüddətli və səmərəli beynəlxalq əməkdaşlıq məsələsini gündəmdə
saxladılar. Onlar nüvə terrorizmi təhlükəsinin hələ də mövcud
olduğunu bildirərək, bu təhlükənin qarşısının alınması üçün
tədbirlərin davam etdirilməsinin vacibliyini önə
çəkdilər.
Sammitin plenar iclasında Azərbaycan Prezidenti
İlham Əliyev çıxış etdi.
Zirvə görüşü iştirakçılarını salamlayan Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev Sammiti qəbul etdiyinə və
göstərdiyi qonaqpərvərliyə görə Niderland hökumətinə
minnətdarlığını bildirdi. Nüvə təhlükəsizliyi tədbirlərinin
gücləndirilməsində Beynəlxalq Atom Enerjisi Agentliyinin mühüm
rolundan danışan Azərbaycan dövlətinin başçısı ölkəmizin nüvə
təhlükəsizliyinin bir çox aspektləri üzrə bu Agentliklə fəal
əməkdaşlıq etdiyini və Azərbaycanın iştirakçı dövlət olduğu Nüvə
Terrorçuluğuna qarşı Mübarizə üzrə Qlobal Təşəbbüsün nüvə
təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş
Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəklədiyini, bu
yaxınlarda Azərbaycanın nüvə, kimyəvi və bioloji silahların və
onların çatdırılma vasitələrinin yayılmaması sahəsində gördüyü
növbəti tədbirlər haqqında yeni hesabatını Birləşmiş Millətlər
Təşkilatına təqdim etdiyini diqqətə çatdırdı. Prezident
İlham
Əliyev qeyd etdi ki, 2012-ci ildə BMT-nin
Təhlükəsizlik Şurasında sədrliyi zamanı Azərbaycan beynəlxalq
terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid
müzakirələr təşkil etmişdir.
Nüvə və radioaktiv təhlükəsizliyin təmin edilməsi
üçün əlavə tədbirlər görülməsinin vacibliyinə toxunan Prezident
İlham Əliyev Azərbaycanın nüvə materiallarının qeyri-qanuni
dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin
qarşısını almaq üçün böyük səylər göstərdiyini, bu məqsədlə
beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edərək beynəlxalq
standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli
ixraca nəzarət sistemini formalaşdırdığını
vurğuladı.
Dövlətimizin başçısı bildirdi ki, bu yaxınlarda
qəbul edilmiş Azərbaycanın ilk "Dəniz Təhlükəsizliyi
Strategiyası"nda nüvə və digər kütləvi qırğın silahlarının və
onların çatdırılma vasitələrinin, eləcə də aidiyyati materialların
yayılması dəniz təhlükəsizliyinə ən böyük hədələrdən biri kimi
müəyyən edilir.
Prezident İlham Əliyev təəssüflə qeyd etdi ki,
Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizinin
Ermənistan tərəfindən davam edən işğalı və azərbaycanlılara qarşı
aparılmış etnik təmizləmə siyasəti səbəbindən ölkəmizin öz
sərhədlərinin müəyyən hissəsinə lazımi səviyyədə nəzarət etmək
imkanı yoxdur. Bu cür vəziyyət transmilli mütəşəkkil
cinayətkarlığa, nüvə və radioaktiv materialların qeyri-qanuni
daşınmasına, həmçinin radioaktiv tullantı materiallarını
basdırmaqla Azərbaycanın işğal olunmuş ərazilərinin Ermənistan
tərəfindən zəhərləndirilməsinə şərait yaradır.
Daha sonra Azərbaycan Prezidenti Ermənistanın
təxminən 40 il əvvəl tikilmiş və köhnəlmiş Atom Elektrik
Stansiyasının yaratdığı təhlükədən danışaraq dedi ki, bu
elektrostansiya bütün region və yaxın qonşular üçün böyük
təhdiddir. Oradakı hər hansı qəzanın nəticələri faciəli olacaqdır.
Lakin beynəlxalq narahatlığı aradan qaldırmaq və bu
elektrostansiyanı bağlamaq əvəzinə, Ermənistan həmin Atom Elektrik
Stansiyasının fəaliyyətini 2026-cı ilə qədər davam etdirmək
qərarına gəlib, baxmayaraq ki, o, yüksək seysmik zonada yerləşir və
köhnəlmiş, olduqca təhlükəli texnologiyaya
əsaslanır.
Azərbaycanın regionda təhlükəsizliyin və
sabitliyin qorunmasında olduqca müsbət rol oynadığını deyən
Prezident İlham Əliyev bildirdi ki, biz regionda və bütün dünyada
nüvə təhlükəsizliyinin gücləndirilməsinə aid məsələlər üzrə
beynəlxalq təşkilatlar və tərəfdaşlarımızla apardığımız
əməkdaşlığın davam etdirilməsi, nüvə və radioaktiv materialların
qeyri-qanuni dövriyyəsindən irəli gələn hədələrin azaldılması işinə
sadiqik.
Çıxışının sonunda Azərbaycan dövlətinin başçısı
Birləşmiş Millətlər Təşkilatı başda olmaqla beynəlxalq
ictimaiyyətin davamlı səyləri ilə bütün çağırışların həll
ediləcəyinə və daha təhlükəsiz dünya qurulacağına əminliyini ifadə
etdi.
Sonra zirvə görüşünün "Nüvə təhlükəsizliyi
sammitinin gələcəyi" mövzusunda qeyri-rəsmi iclası
oldu.
Azərbaycan Prezidenti İlham Əliyev sammit
çərçivəsində Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Böyük
Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri
Devid Kemeron və İtaliyanın Baş naziri Matteo Rentsi ilə
görüşdü.
Söhbət zamanı Azərbaycan ilə bu ölkələr arasında
ikitərəfli əlaqələrin inkişafına dair fikir mübadiləsi
aparıldı.
Prezident İlham Əliyev Zirvə görüşü zamanı Türkiyə
Prezidenti Abdullah Güllə də görüşdü.
Görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin indiki
vəziyyəti və perspektivi ilə bağlı müzakirələr
aparıldı.
Zirvə görüşünün yekununda liderlər birgə foto
çəkdirdilər.
Sonra dövlət və hökumət başçılarının şərəfinə işçi
nahar verildi.
Zirvə görüşünün sonunda yekun kommünike qəbul
olundu.