Xəzərdə itkin düşən balıqçılardan xəbər var
26 Mart 2014 14:00 (UTC+04:00)
Azərbaycanın Siyəzən rayonunda itkin düşən
balıqçıların yeri müəyyənləşib. İtkin düşən balıçılara yanacaq
çatdırılsa da hələ ki, onları xilas etmək mümkün olmayıb. Şimal
Regional Mərkəzindən ans press-in bölgə müxbirinə verilən məlumata
görə, onların yanacağı yenidən tükənib. Dəniz dalğalı olduğundan
yanacaq çox işlənir:
"İtkin düşən Neftçala sakinləri sahildən təxminən
80 km məsafədirlər. Siyəzənin Kiçik Həmyə kənd sakini Adil Paşayeva
məxsus mühərrikli qayıqla dənizə giriblər. Dəniz dalğalı olduğundan
sonradan sahilə çıxa bilməyiblər. Yanacaqları tükənib və kömək
istənilib. Onların dənizdə olduğu dünən məlum olub. Hazırda FHN
Siyəzənin Kiçik Həmyə kəndindən üzü şimal doğru balıqçıların xilas
edilməsi üçün nəzarətə götürülüb. Dəniz həddindən artıq dalğalı
olduğu üçün xilasedicilər gözləməyə məcbur olublar. Son məlumatlara
görə balıqçıların səhhətində heç bir problem yoxdur", - deyə
mərkəzdən bildirilib.
Qeyd edək ki, FHN-i ötən gün Xəzər dənizində 5
balıqçının itkin düşməsi barədə məlumat yayıb.
Fövqəladə Hallar Nazirliyindən verilən ilkin
məlumatda bildirilirdi ki, onlar balıq tutmaq üçün mühərrikli
qayıqla Xəzər dənizinə çıxıblar.