Öldürülən azərbaycanlı səhra komandirinin atası: "Oğlum Bakıda oxuyurdu"
26 Mart 2014 15:01 (UTC+04:00)
"Turalın öldürülməsindən xəbərsizik". Bunu APA-ya
açıqlamasında Dağıstanda həyata keçirilən xüsusi əməliyyat zamanı
öldürülən Balakən sakini Tural Atayevin atası Murtuzəli Atayev
deyib.
M. Atayev qeyd edib ki, oğlu 3-4 il əvvəl evdən
gedib, bundan sonra onunla əlaqələri olmayıb: "Tural Bakıda
kollecdə oxuyurdu. Bir neçə il əvvəl dərsə getmək adı evdən çıxdı,
sonradan səsi Dağıstandan gəldi. Turalın yaralı olduğunu eşitmişəm,
ancaq öldüyündən xəbərsizəm".
M. Atayev oğlunun nə vaxtdan radikal qruplaşmalara
qoşulduğunu bilmədiyin qeyd edib: "Biz onun kimlərlə əlaqədə
olduğunu haradan bilərdik? Bakıda oxumağa qoymuşduq, sonrada səsi
Dağıstandan gəldi".
Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik
Xidməti və DİN-in xüsusi təyinatlı dəstələri Xasavyurt rayonunun
Pervomayski kəndindəki fərdi evlərdən birini mühasirəyə alıblar.
Evdə olan qanunsuz dəstə üzvlərinə təslim olmaq təklif olunub,
lakin silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarını avtomat
silahdan atəşə tutublar.
Xüsusi əməliyyat zamanı evdə olan 5 silahlı
zərərsizləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilib. Öldürülən
silahlılar arasında "Xasavyurt bandası"nın başçısı hesab edilən
Azərbaycan vətəndaşı, 1988-ci il təvəllüdlü Tural Atayevin da
olduğu bildirilir. Rusiya Milli Antiterror Komitənin (MAK)
məlumatında Tural Atayevin ötən il Pyatiqorsk şəhərində törədilən
terror aktının təşkilatçısı olduğu bildirilir.
Hadisə yerində çoxlu sayda silah və sursat
aşkarlanıb.
Əməliyyat zamanı öldürülən 1988-ci il təvəllüdlü
Atayev Tural Murtuzəli oğlu Balakənin Mahamalar kəndində doğulub.
Bir neçə il əvvəl o, radikal dini qruplaşmalara qoşularaq
Azərbaycanı tərk edib. T. Atayev silahlı qruplaşma üzvləri arasında
"Yəhya" ləqəbi ilə tanınırmış.