Nazirlikdə daha iki məmur işdən azad ediləcək-Eksklüziv

27 Mart 2014 10:08 (UTC+04:00)

Kənd Təssərrüfatı Nazirliyində yeni kadr dəyişikliyi gözlənilir. Bu barədə Movqe.az-a Nazirlikdəki etibarlı mənbədən məlumat verilib. Xəbərə görə, yeni nazir  Heydər Əsədov bu günlərdə yenidən nazirlikdə kadr islahatı aparacaq. Məlumata görə, bu dəfə H. Əsədov Nazirliyin İqtisadiyyat və maliyyə şöbəsinin müdiri Məcidov Rafiq Nemətulla oğlunu və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin  rəisi, Respublikanın Baş dövlət fitosanitar müfəttişi Dünyamalıyev Məmmədəli Zeynal oğlunun işdən azad olunması ilə bağlı əmrə imza atacaq. Adıçəkilən nazirlik əməkdaşları yaş həddinə görə işdən azad ediləcəklər. Xəbərə görə, həmçinin bu günlərdə nazirliyin Bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin keçmiş müdiri Sabir Vəliyevin və  Heyvandarlıq məhsullarının istehsalı, emalı, damazlıq işi və otlaqlar şöbəsinin müdiri Çingiz  Fərəcovun da yerinə təyinat olacaq. Hər iki şöbəyə yeni müdir təyinatı Prezident Aparatı ilə razılaşdırıldıqdan sonra baş verəcək. Nazirlikdəki mənbənin verdiyi məlumata görə, bu postlara təyinat təkcə nazirin əmri ilə yox, qayda ilə Prezident Aparatından  razılıq əsasında gerçəkləşir.