“Mənə şər atmağa çalışırlar” – Elmar Vəliyevin oğlu

27 Mart 2014 15:23 (UTC+04:00)

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin oğlu Elmir Vəliyev mətbuatda barəsində yazılanlara münasibət bildirib. Movqe.az xəbər verir ki, bu barədə mətbuata açıqlamasında E.Vəliyev deyib ki, yazılanlar tamamilə yalan və cəfəngiyatdır: 

"Mən avtomobil kortejində gəzmirəm, mühafizəçilərim yoxdur və bu barədə yazılanlar tamamilə cəfəngiyatdır. Bu cür xəbərləri yaymaqla, mənə şər böhtan atmaqla heç nə əldə edə bilməzlər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və dəstəyi ilə Gəncədə böyük quruculuq və abadlıq işləri həyata keçirilir, yeni infrastruktur yaradılır, şəhər özünün intibah dövrünü yaşayır. Bununla yanaşı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclər siyasəti uğurla həyata keçirilir. Hər bir gənc bu siyasətin uğurlarından faydalanır və yaradılmış geniş imkanlardan səmərəli istifadə etməyə çalışır. Mən də saf əqidəmlə, amalımla Vətənimizə, xalqımıza, dövlətçiliyimizə şərəflə xidmət edirəm. Məqsədim dəyərli töhfələrimlə gənclərə göstərilən etimadı şərəflə doğrultmaqdır."