Rəqsanə yayılan video qalmaqalından danışıb

27 Mart 2014 16:31 (UTC+04:00)

Müğənni Rəqsanə İsmayılovanın 2007-ci ildə lentə alınan səsyazma studiyasından kadr ötən gün mətbuatda yenidən gündəmə gətirilib. Həmin lent yazısında mahnının üzərinə zümzümə edən ifaçının səsinin nasazlığı müzakirəyə çıxarılıb. Sosial şəbəkədə yayılan həmin video görüntünü eksklüziv olaraq Mövqe.az saytı yayımlayıb.  Sosial şəbəkələrdə müzakirə eilən həmin görüntülərə sənətçi aydınlıq gətirib:

"Diqqətlə kadrı izləyəndə arxa fonda mənim təmiz səs yazımı eşidilir. Bunu nəyə görə oxuduğumu izah etmək məcburiyyətindəyəm. Lider Televiziyası həmin ərəfədə yeni mahnım haqqında sujet hazırlayırdı. Təklif elədilər ki,səsyazma studiyasına gedib, mahnını zümzümə edim. Qızdırmalı, xəstə yatağından qalxıb, təklifi yerə salmadım. İkinci səsim efirə getməyəcəkdi. Ona gorə, arxayın xəstə səslə oxudum. Kimin səsi tutulmur ki? Müğənninin səsi tutulanda, onun ifasını topa tutmaq lazım deyil. Mən kadrların nə zamansa ictimaiyyətə yayılacağını bilsəydim, bu addımı atmazdım. Səsimə gəlincə, dəfələrlə müxtəlif mövzularda, buna toxunmuşam. Mən bu gün ən çox toy oxuyan müğənnilərdənəm. Nəinki Azərbaycanda, başqa ölkələrdə ən yaxşı toylara dəvət olunuram. Əgər səsimdə belə qüsur varsa, hansısa canlı ifada özünü göstərərdi və bunu dərhal çəkib paylaşardılar. Demək ki, yoxdu".

Rəqsanə xanım jurnalistlərə xoşagəlməz münasibət göstərdiyi də mövzuya çevrilib. Lakin sənətçi bunun şişirdildiyini iddia edir:

"Mən ANS-dəki verlişə Hüseyn Dərya mövzusuna görə dəvət almışdım. Bu mövzuda danışmaq üçün verlişə qatıldım. Nə müddətdi qalmaqallardan qaçıram. Amma məni məcburən buna cəlb edənlər var. Mövcud olmayan bir məsələni ortaya atıb, barəmdə nə isə yazan bəzi jurnalistin peşəsinə hörmət etməyə çağırdım. Jurnalistin özü haqqında dezinformasiya yayılsa, şəxsiyyətinə toxunulsa, o da, yəqin ki susmayacaq. Mən heç vaxt jurnalisti təhqir etmərəm. Amma jurnalist də nəzərə alsın ki, qarşısındakı qadındır, anadır, reytinq xatirinə ona qara yaxmaq olmaz. Sujetə gəlincə, mən orada konkret heç kimi təhqir etməmişəm. Heç bir jurnalist də məndən inciməsini istəmirəm. Bu açıqlamanı etməklə, doğru yazan, haqqı-nahaqdan ayıran peşəkar jurnalistlərə hər zaman hörmətimin olduğunu bildirmək istəyirəm".