Köhnə maşınlar bahalaşmağa başladı

28 Mart 2014 07:24 (UTC+04:00)

İstehsal tarixi 2005-ci ildən aşağı olan Avropa maşınlarının Azərbaycanda qiymətinin yüksəlməsi müşahidə olunur. Satıcılar gələn ay ərzində bahalaşmanın 10-15 faiz civarında olacağını bildirirlər. Qeyd edək ki, aprelin 1-dən Azərbaycan "Avro-4" standartının tətbiqinə keçir.

Bu fonda istehsal tarixi 2005-ci ildən aşağı olan Avropa, o cümlədən ölkəmizdə kifayət qədər məhşur alman maşınlarının Azərbaycana gətirilməsi mümkün olmayacaq. Belə vəziyyətdə onların sayının azalması və bahalaşması da qaçılmaz sayılır.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin sədri Ramil Osmanov sözügedən bahalaşma tendensiyasının birbaşa ölkəmizin "Avro-4" standartına keçməsilə bağlı olduğunu bildirdi: "İstehsal tarixi 2005-ci ildən aşağı olan Avropa tipli avtomobillərin Azərbaycan bazarında qiymətinin qalxması təbii ki, ölkəmizin "Avro-4" standartına keçidi ilə bağlıdır. Bir müddət həmin avtomobillərə olan tələbat artacaq. Təklif isə bunun müqabilində stabil olaraq qalacaq. Bilirsiniz ki, aprelin 1-dən ili 2004-cü ildən aşağı olan Avropa tipli avtomobillərin Azərbaycana gətirilməsinə qadağa qoyulub. Bu səbəbdən hazırda "Avro-4" standartına cavab verməyən həmin avtomobillərin qiymətinin bahalaşması bir tərəfdən də spekulyativ amillərin nəticəsidir. Eyni zamanda, aydındır ki, atılan addımın müəyyən qədər bazara təsirinin olacağı da gözlənilən idi. Ən azından düşünmək lazımdır ki, müəyyən müddət ərzində köhnə avtomobillərin satışında bir qədər qıtlıq yaranacaq. Yəni, təklifin azalması müşahidə olunacaq. Azərbaycan bazarında bu gün ikili yanaşma mövcuddur. Yerli istismarda olan avtomobillə xaricdən yeni gələn avtomobilin qiyməti və ona yanaşmada müxtəlif fərqlər var. Bu səbəbdən proses birbaşa qiymət amilinə təsir edir".

Digər ekspert Azər Allahverənov da haqqında söhbət açılan avtomobillərin qiymət bahalaşmasını onların qıtlığı ilə əlaqələndirdi: "Səbəb təbii ki, həmin maşınların idxalının azalması ilə bağlıdır. Faktiki olaraq 2005-ci ilə qədər istehsal tarixi olan maşınların Azərbaycan ərazisinə gətirilməsi məhdudlaşdırılıb. Bir müddətdən sonra isə tamamilə qadağan olunacaq. Bu da "Avro-4" standartına keçidlə əlaqədar olaraq baş verir. Nəticə etibarilə proses ona gətirib çıxarır ki, ölkəyə gətirilən avtomobillər artıq 2005-ci ildən üzü bəri istehsal tarixi olan maşınlar olacaq. Belədə, bazarda 2005-ci ildən əvvəlki illərdə istehsal olunan maşınların qıtlığı hiss olunur. Qıtlığın hiss olunması da həmin maşınların ümumi qiymətinin artmasına gətirib çıxarmalıdır. Ölkədə olan avtomobillərin təxminən 750 mini 2005-ci ildən əvvəl istehsal olunan maşınlardır və onların sayı ildən-ilə azalır. Deməli, 2005-ci ildən əvvəl istehsal olunan avtomobillərin sayının azalması onların qiymətinə təsir edən amillər sırasındadır. Təbii ki, istehsal tarixi köhnə olan avtomobillərin qiyməti istehsal tarixi yeni olan avtomobillərin qiymətinə yaxın olmayacaq. Lakin məsələ ondadır ki, hazırda insanlar bazara daha ucuz qiymətli avtomobil almağa üz tutur. İstehsal tarixi 2005-ci ildən aşağı olan maşınların qiyməti bütün hallarda daha ucuzdur. Nəticə etibarilə bu müəyyən dövr ərzində həmin maşınlara tələbatı artırır. Bank kreditlərinin dayandırılması fonunda da insanlar o qədər də baha olmayan, ili köhnə maşınların alınmasına üstünlük verir. Belədə proses ümumi bazarda köhnə avtomobillərin qiymət artımına təsir edir. 2005-ci ildən üzü bəri istehsal tarixi olan maşınların qiymətində isə ciddi dəyişikliklər yoxdur".