Son 2 günə Gürcüstandan Azərbaycana 700-ə yaxın maşın gətirilib

28 Mart 2014 09:40 (UTC+04:00)

Üç gündən sonra Azərbaycanda "Avro-4" standartına keçidlə bağlı 2005-ci ilə qədər istehsal olunmuş avtomobillərin ölkəyə gətirilməsinə qoyulan qadağanın qüvvəyə minməsi qonşu Gürcüstanda maşın bazarına ciddi təsir göstərib. Azərbaycandan olan alıcılar bu qadağanın qüvvəyə minməsinə qalan 1-2 gündən maksimum istifadə etməyə çalışır. Vəziyyət sözsüz ki, avtomobillərin qiymətinə də təsirsiz ötüşməyib.ANS-in bölgə müxbirinin verdiyi xəbərə görə, aprelin 1-dən "Avro-4" standartlarına keçidlə əlaqədar istehsal ili 2005-ci ildən aşağı olan avtomobillərin Azərbaycana buraxılmayacağı ilə bağlı verilən qərar regionun ən böyük maşın bazarı olan Rustavi maşın bazarında canlanmaya səbəb olub. Rustavi maşın bazarından verilən məlumata görə son iki gündə istehsal tarixi 2001-dən aşağı olan 700-ə yaxın avtomobil azərbaycanlılar tərəfindən alınıb. Bu isə son bir neçə ildə qeydə alınan ən böyük göstəricidir.Son bir neçə gündür Gürcüstanın maşın bazarlarından azərbaycanlı alıcıların aktivliyi müşahidə olunur. Azərbaycanlı maşın alıcıları isə daha çox 1999 və 2001-ci il istehsalı olan avtomobilləri almağa üstünlük verirlər.Maşın bazarının satıcılarını da bu vəziyyət narahat edir. Çünki, Gürcüstanın maşın bazalarında əsas alıcı qüvvəsi Azərbaycan vətəndaşlarıdır. Onların əksəriyyəti isə daha ucuz maşınlara üstünlük verirlər. Bu səbəbdən də qanun qüvvəyə minən gündən etibarən Gürcüstanın maşın bazarlarında durğunluğun hökm sürəcəyi gözlənilir.Gürcüstanın sərhəd keçid məntəqəsindən də son günlərdə Azərbaycana çox sayda maşın transfer olunduğunu bildirdilər. Ama sərhəddə avtomobillərin keçidiylə bağlı heç bir problem yaranmayıb.