Ermənilər 100-ə yaxın Azərbaycan evini atəşə tutublar
28 Mart 2014 10:00 (UTC+04:00)
Erməni silahlı qüvvələri ötən gecə Tovuz rayonu Əlibəyli kəndi
istiqamətində atəşkəsi pozması nəticəsində çoxlu sayda evə ziyan
dəyib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, 100-ə
yaxın ev atəşə tutulub. Atışma nəticəsində evlərin
qapı-pəncərələrinə, damlarına ciddi ziyan dəyib. İnsanlar isə
gecəni qorxu içində keçiriblər. Onların evlərinin zirzəmisində
yatdıqları bildirilir. Açılan atəş hətta kənd sakinlərinin
yatdıqları evin içindəki divarlarda dəliklər açıb.Əlibəyli kəndinin
aramsız olaraq atəşə tutulmasına baxmayaraq kəndin cəbhə xəttinə
yaxın ərazilərində yaşayan sakinləri öz yurd-yuvalarını tərk
etməyiblər. Onlar sona qədər də ev-eşiklərini tərk etməyəcəklərini
bildirirlər. Qeyd edək ki, Əlibəyli kəndində 4 minə yaxın insan
yaşayır. Kənddə ümümilikdə 650-yə yaxın ev var.