“Gecə yata bilməmişik” - Deputat Tovuzdakı atışmadan yazdı
28 Mart 2014 10:02 (UTC+04:00)
Tovuzdan seçilən millət vəkili Qənirə Paşayeva
dünən gecədən etibarən rayonun Əlibəyli kəndi istiqamətində
ermənilərin atəşkəsi pozmasına və nəticədə bir nəfər mülki
vətəndaşın yaralanmasına münasibət bildirib.
Movqe.az xəbər verir ki, millət vəkili facebook hesabında bütün
gecə boyu atəş səsindən yata bilmədiklərini yazıb:"Ermənistan və
onun silahlı qüvvələri yenə də özlərinin çirkin hərəkətlərindən əl
çəkmirlər. Gecə demək olar ki yata bilməmişik. Ermənistan Silahlı
Qüvvələrinin Tovuzun Əlibəyli kəndi istiqamətində atəşkəsi pozması,
axşam saatlarında mülkü vətəndaşın maşınını,sonra isə kənd sakini
Etibar Tağıyev qardaşımızın evini,kənd sakinlərinin evlərini atəşə
tutması nəticəsində gərgin və narahat bir gecə yaşadıq. Sivil
insanların evlərini atəşə tutmaq və onlara zərər vurmaq. Özəlliklə
axşam saatlarında. Çünkü o zamanlar bütün ailə evdə olur.
Ermənistanın və onun silahlı qüvvələrinin xisləti bundan ibarətdir.
Bu dəfə də insanlığa sığmayan əməllərini davam etdirərək Etibar
qardaşımızın evini gülləyə tutublar və güllələrdən biri evin
divarını keçərək onu ayağından yaralayıb. Rayon xəstəxanasına
çatdırılan qardaşımızım vəziyyəti çox şükr indi normaldır. Həkimlər
sağ olsunlar bütün yardımlar olunub və qardaşımızın ayağı itirilmə
riski daşımır.
Etibar qardaşımızın özü ilə də telefonla danışdım və keçmiş
olsun diləklərimi çatdırdım.
Məktəb yaşlı 3 uşağın və ailənin xanımının yaşadıqları təbii ki,
çox ağır hadisədir və çox şükr ki, onlar ciddi bir xəsarətlər
almayıblar. Amma yaşadıqları psixoloji gərginlik təbii ki, onlara
ciddi təsir edib. İnşallah bir daha nə onlar, nə də digər
ailələrimiz belə hadisələr yaşamasın. Ermənistan dövləti və onun
silahlı qüvvələri isə bir daha simasını hər kəsə göstərdi.
ATƏT-in Minsk qrupu həmsədrləri, beynəlxalq təşkilatlar isə
yəqin ki, reaksiya verməkdən, etiraz bildirməkdən yayınacaqlar.
Həmişə olduğu kimi... Çox təəssüf... Bu insanlar isə onlardan ən
azı etiraz səslərini ucaldan açıqlamalar gözləyirlər"