Ordumuzun ixtiyarına yeni müasir silahlar verilir

28 Mart 2014 10:05 (UTC+04:00)

Xəbər verildiyi kimi, Azərbaycan Türkiyədən döyüş helikopterləri alacaq. Bu barədə Türkiyə müdafiə naziri İsmət Yılmaz açıqlama verib. O bildirib ki, Türkiyə Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan döyüş helikopterlərinin Türkmənistan, Azərbaycan, Qətər, Səudiyyə Ərəbistanı, Liviya və Tunisə satılması nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycan Türkiyədən alınan silah-sursatda tək helikopterlərlə kifatələnmir. Hazırda ölkəmizin Türkiyədən digər növ texnikaların da alışı həyata keçirilməkdədir. Eyni zamanda onu da vurğulayaq ki, bu gün orudumuzun arsenalında Rusiya istehsalı olan texnika kəmiyyətcə üstünlük təşkil etsə də, son dövrlərdə bu sahədə əməkdaşlığın istiqaməti Türkiyəyə, İsrailə doğru dəyişir. Bunu isə Silahlı Qüvvələrimizin hərbi arsenalında NATO standartlarına uyğun texnikanın artımı kimi qiymətləndirmək olar.

Hərbçi-ekspert Üzeyir Cəfərov bildirdi ki, Azərbaycanın Türkiyədən hərbi vertolyotlar alınması çoxdan gündəmdə olan məsələdir: "Sadəcə, bu məsələ bir qədər yubanıb. Ona görə ki, Türkiyə NATO-ya üzv ölkədir. NATO-nun göstərişi var ki, münaqişə vəziyyətində olan ölkələrə silah satılmasın. Amma son hadisələr onu göstərir ki, artıq xeyli dəyişikliklər var. Bu dəyişikliklər onu deməyə əsas verir ki, ölkələr özlərinin təhlükəsizliyini qorumaq üçün müəyyən addımlar atmalıdırlar və atırlar da. Azərbaycan Türkiyədən döyüş helekopterlərini almalıdır. İndiyə qədər bu brədə söhbətlər gedirdi. Amma dünyada baş verən son hadisələr bu porsesləri sürətləndirdi. Helikopterlərin satılması ikinci dərəcəli insanın dilindən səslənməyib. Birbaşa Türkiyənin müdafiə naziri İsmət Yılmaz tərəfindən səsləndirilən fikirdir. Artıq Türkiyənin döyüş helikopterlərini təkcə Azərbaycan yox, Türkmənistan, Səudiyyə Ərəbistan, Liviya və Tunis də almaq istəyir. Azərbaycanın həmin helikopterləri alması çox yaxşı addımdır. Azərbaycan Silahlı Qüvvələrinin sərəncamında olan rus istehsalı köhnə helikopterlər tədricən dəyişilməlidir. Baxmayaraq ki, biz ötən il Rusiyadan M-35M döyüş helikopterləri də almışıq. Amma bu, qətiyyən mane olmur ki, biz Türkiyədən vertolyot almayaq. Rusiyanın son hərəkətləri ümumiyyətlə, bir sıra ölkələri ciddi düşünməyə vadar edib. Ola bilsin ki, Rusiyanın bir gün fikri dəyişsin. Amma Türkiyənin heç vaxt Azərbaycana qarşı fikri dəyişə bilməz. Odur ki, bu nöqteyi-nəzərdən Türkiyədən alınan döyüş helikopterləri həm indiki məqamda, həm də gələcək üçün daha pespektivlidir. Rusiya da özünü normal partnyor kimi aparsa, ölkəmiz Rusiya ilə də münasibətlərini davam etdirəcək. Ancaq bu gün Türkiyənin döyüş helikopterləri NATO standartlarına cavab verdiyinə görə ona maraq da daha çoxdur. Heç vaxt düşünməzdik ki, Türkmənistan kimi neytral mövqedə olan bir ölkə həmin helikopterlərə maraq göstərsin. Dünyada baş verən proseslər məcbur edir, bəzi ölkələri öz müdafiə taksitkasına yenidən baxsın".

Digər hərbçi ekspert Azad İsazadə hesab edir ki, son aylar silah bazarımızda Türkiyə istiqamətə hərəkəti görmək mümkündür: "Bu hərəkəti müsbət qiymətləndirmək olar. Amma Azərbaycanın NATO standartlarına keçdiyini hələlik demək tezdir. Bizim əsas döyüş silahlarımız Rusiya istehsalıdır. Gələcəkdə hansısa münaqişə olsa, bizim problemimiz ondan ibarət olacaq ki, silahlar ayrı-ayrı ölkələrdə istehsal olunub. Amma döyüşdə çox vacibdir ki, bütün sursatlar eyni tipli olsun. Çünki, silah-sursat təchizatı, təmir məsələsi mürəkkəbləşir. Bir neçə ay əvvəl Naxçıvanda Türkiyə istehsalı olan vertolyotların yoxlama uçuşları olub. Məsələn, elə Naxçıvanda yerləşmiş ordu hissələrini tam Türkiyə istehsalı olan helikopterlər ilə təmin etmək olar. Rusiya istehsalı olan vertolyotlar başqa hərbi hissələrə verilsə, bu, NATO standarlarına keçiddə kəskin addım olardı. Döyüş zamanı oruda bütün silah-sursatlar bir-birini əvəz edə bilməlidir. Gələcəkdə Türkiyədən təmir məsələsi, ehtiyat hissələri almaq da daha rahat olacaq. Amma başqa bir məsələ də var ki, Türkiyə helikopterləri daha bahadır. Əgər bahardısa, biz burada maddi tərəfi də fikirləşməliyik".