3 ayda 1 uşaq əcnəbilərə övladlığa verilib

28 Mart 2014 17:17 (UTC+04:00)

"Azərbaycanlı uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsi qaydalarında edilən dəyişiklikdən sonra biz bu prosesi Nazirlər Kabinetinə məlumat verməklə davam etdiririk".

Bunu APA-ya açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Möhsümova deyib.O bildirib ki, ölkələrarası övladlığa götürmə hər gün həyata keçirilən proses deyil: "Beynəlxalq övladlığa verilmədə son dərəcə diqqətli olmaq lazımdır ki, daha sonra hansısa problemlə üzləşilməsin. Artıq Komitə tərəfindən qərarın icrasına başlanılıb və vaxtaşırı Nazirlər Kabinetinə hesabat veriləcək".

V. Möhsümova onu da əlavə edib ki, bu ilin 3 ayı ərzində hələ ki, Komitə tərəfindən 1 uşaq beynəlxalq övladlığa verilib: "Azərbaycanlı bir xanım uşağını öz bacısına övladlıq üçün verib. Bacısı Amerikada yaşayır".

Qeyd edək ki, azərbaycanlı uşaqların əcnəbilər tərəfindən övladlığa götürülməsi qaydalarında dəyişiklik edilib. Dəyişikliyə görə, Nazirlər Kabinetinə məlumat verilmədən uşaqlar əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə övladlığa verilə bilməz. Digər bir dəyişiklik isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkələrarası övladlığa götürmə ilə bağlı hüquqi yardım göstərən akkreditə edilmiş orqanlar barədə, "Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında" Haaqa Konvensiyasının iştirakçısı olan xarici dövlətin mərkəzi orqanı tərəfindən akkreditə edilmiş orqanların Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərməsi üçün verilən icazələr barədə, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən akkreditə edilmiş orqanların xarici dövlətin ərazisində fəaliyyət göstərməsi üçün verilmiş razılıqlar barədə, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülmüş Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların həyat şəraiti ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri barədə hər yarım ildən bir Nazirlər Kabinetinə hesabatlar təqdim etməlidir.