Yol polisi xəbərdarlıq etdi

28 Mart 2014 17:25 (UTC+04:00)
"Nəqliyyat vasitələri ilə nəzərdə tutulandan çox sərnişinin daşınması yol polisi tərəfindən sərt şəkildə cəzalandırılacaq". Bu barədə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.
Onun sözlərinə görə, minik avtomobillərində nəzərdə tutulandan çox insanın daşınması sərnişindaşıma qaydalarının pozuntusu hesab edilir: "Bəzən avtomobildə hətta ön oturacaqda azyaşlı uşaq gəzdirirlər. Buna da belə bəraət qazandırmağa çalışırlar ki, guya uşaq valideynin qucağında oturur və valideyn də nəyin bahasına olursa-olsun, onu buraxa bilməz və istənilən formada uşağı qoruyacaq. Amma bu da çox yanlış fikridir və çox vaxt da həmin azyaşlının faciəsinə gətirib çıxarır".
K.Əliyev qeyd edib ki, ümumiyyətlə, sərnişindaşıma qaydalarını pozan sürücülər bilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 151.2-ci (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması) maddəsinə müvafiq olaraq bu qayda pozuntusu 60 manat miqdarında cərimələnir və əlavə olaraq sürücüyə 3 cərimə balı yazılır: "Söhbət burada sərnişinlərin sayının nəqliyyat vasitəsinin konstruksiyasında nəzərdə tutulmuş oturacaqlara uyğun olub-olmamasından gedir.
Ola bilər ki, məsələn, "Jiquli"nin arxa oturacağına lap 5-6 nəfər yerləşə bilər, amma avtomobilin konstuksiyasında axra oturacaqda maksimum 3 nəfər əyləşə bilər və orada 3 nəfərdən artıq şəxs əyləşməməlidir. Bundan başqa, arxada yer olmayanda ön oturacaqda 2 böyük insan əyləşir və elə bilirlər ki, bununla heç bir qayda pozuntusuna yol vermirlər. Amma bu, qayda pozuntusudur və 60 manat, üstəgəl 3 cərimə balı ilə cəzalandırılır".
Şöbə rəisi bildirib ki, avtobuslarda da sərnişindaşıma qaydalarının pozulmasına görə cəzalar müəyyən edilib: "Əgər ayaq üstə durmaq üçün konstruksiyada nəzərdə tutulmuş avtobuslar varsa, orada sürücü məsuliyyətə cəlb edilmir, amma elə avtobus və ya mikroavtobuslar var ki, ayaq üstə sərnişin daşınması üçün nəzərdə tutulmayıb.
Belə nəqliyyat vasitələrində hər hansı sərnişinin ayaq üstə getməsi və yaxud avtobusda nəzərdə tutulan oturacaq sayından əlavə sərnişinin daşınmasına görə sürücü məsuliyyət daşıyır. Bu da 60 manat, üstəgəl 3 cərimə balı ilə cəzalandırılır. Avtobusda nəzərdə tutulmayan əlavə oturacaqların yerləşdirilməsi isə əlavə avadanlıq hesab edilir və həmin nəqliyyat vasitəsinin sahibi buna görə 150 manat cərimə olunur".
BDYPİ sözçüsü sürücülərə və avtomobil sahiblərinə müraciət edərək, onları həm cəzaya məruz qalmamaq, həm də insanların təhlükəsizliyini təmin etmək üçün diqqətli olmağa, yol hərəkəti, eləcə də nəqliyyat vasitələrinin istismarı qaydalarına ciddi əməl etməyə çağırıb.