Erməni şərhçi: “Ermənistan Moskvanın əlində marionetkadır”
28 Mart 2014 18:26 (UTC+04:00)
Erməni şərhçi Akop Badalyan bildirib ki, ilkin
razılaşmaya görə, Ermənistan BMT-də Ukraynanın ərazi bütövlüyünün
əleyhinə səs verməli deyilmiş və bitərəf qalmalıymış, lakin
Moskvadan edilən bir zəng hər şeyi dəyişib.
ANS PRESS-in məlumatına görə, Akop Badalyan
məsələyə həsr etdiyi məqaləsində yazıb: "Ola bilər ki, ictimaiyyəti
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) adlandıran qurum çaşdırıb.
Bu qurumun təmsilçisi "Azadlıq" radiosunda bildirmişdi ki,
Ermənistan səsvermədə bitərəf qalacaq. Amma onlar günahkar
deyillər, böyük ehtimalla, XİN-dən kimsə Moskvadakı həmkarlarına
zəng edib və soruşub ki, Ermənistanın bitərəf qalması mümkündürmü?
Moskva da buna icazə verməyi qərara alıb və Ermənistan XİN bu
sevinci xalqla bölüşmək qərarına gəlir. Amma sonra məlum olub ki,
Moskva, sadəcə, zarafat edib və Rusiyanın 9 başqa "ümidi" -
Nikaraqua, Sudan, Zimbabve, Boliviya, Venesuela, Kuba, Şimali
Koreya, Suriya və Belarus kimi qərarın əksinə səs verməli olduq",-
deyə Akop Badalyan istehza edib.
Şərhçi daha sonra ciddi maneraya keçir: "Zarafat
bir yana, amma Moskvanın Ermənistanla iş üslubu yetərincə
maraqlıdır. Rusiya sadəcə Ermənistana təsir vasitələrinə malik
olduğunu göstərməklə kifayətlənmək istəmir, nümayiş etdirir ki,
Ermənistan Moskvanın əlində marionetkadır. Çünki məsələ təkcə təsir
imkanları ilə bitsəydi, Ermənistan özünün ayrıca subyekt olmasını
qoruya bilərdi, amma marionetka olmaq tamamilə başqa
məsələdir".