Azərbaycan və ABŞ birgə təlim keçirəcək

29 Mart 2014 09:54 (UTC+04:00)
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək. 

Müdafiə Nazirliyindən ans press-ə verilən məlumata görə, Azərbaycan-Türkiyə ikitərəfli əməkdaşlıq planına əsasən martın 31-dən aprelin 4-dək Marmaris şəhərində (Türkiyə) Dənizdə terrorizmlə mübarizə kursu təşkil olunacaq. Eyni zamanda NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramına əsasən martın 31-dən aprelin 4-dək Belqrad şəhərində (Serbiya) "NATO ilə 2014-cü il üzrə Hərbi Əməkdaşlığın Əlaqələndirilməsi" üzrə işçi görüş keçiriləcək. Bununla yanaşı Azərbaycan-ABŞ ikitərəfli iş planına əsasən martın 31-dən aprelin 4-dək Dublin (İrlandiya), Belqrad (Serbiya) və Stokholm (İsveç) şəhərlərində "Viking-14" kompüter dəstəkli komanda qərargah təlimi keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.