Dövlət Proqramı çərçivəsində məktəblər əsaslı təmir olunacaq

29 Mart 2014 10:01 (UTC+04:00)
"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən paytaxtın Qaradağ rayonunda bir sıra təhsil müəssisələrinin inşası və əsaslı təmiri işləri aparılacaq.

Movqe.az ans press-ə istinadən xəbər verir ki , rayon icra hakimiyyətindən verilən məlumata görə, bu illər ərzində Lökbatan qəsəbəsindəki 960 şagird yerlik yeni məktəb binasının və Qızıldaş qəsəbəsinin Şonqar yaşayış massivində 196 yerlik ümumi orta məktəb binasının tikintisi planlaşdırılıb.

Dövlət Proqramında məktəbəqədər tədris müəssisələrinin təmiri də öz əksini tapıb. Belə ki, Müşfiqabad qəsəbəsindəki 286 nömrəli körpələr evi-uşaq bağçası, Lökbatan qəsəbəsində "Çiçək" körpələr evi-uşaq bağçası, eləcə də, Sahil qəsəbəsində yerləşən "Qaranquş" körpələr evi-uşaq bağçası əsaslı təmir olunacaq.

Bundan əlavə, rayonun Qobustan qəsəbəsindəki "Gəlincik" körpələr evi-uşaq bağçasının yerində 80 yerlik yeni binanın tikintisi və "Şəngülüm" körpələr evi-uşaq bağçasının əsaslı təmiri nəzərdə tutulub.