Çin lideri Merkelə cavab verə bilmədi

29 Mart 2014 11:00 (UTC+04:00)
Almaniya kansleri Angela Merkel Çin prezidenti Si Çzinpini qəbul edib. Movqe.az ans press-ə istinadən xəbər verir ki , paytaxt Berlində baş tutan görüşdə tərəflər iki ölkə arasında qurulan ticarət əlaqələri ilə yanaşı insan haqlarına dair müzakirələr aparıblar. Görüş zamanı Merkel Çində söz və ifadə azadlıqlarının məhdudlaşdırılması ilə bağlı Si Çzinpinə xəbərdarlıq edib. Merkel bildirib ki, hökumət xalqın etibarını qazanmaq üçün addımlar atmalıdır.

"Çin və Almaniya kimi ölkələrdə mütəmadi olaraq dəyişən dünya ilə uyğunlaşmaq üçün islahatlar keçirilir. Cəmiyyətin quruculuğu üçün ifadə azadlığı isə, ən vacib ünsürlərdən biridir".

Çin prezidenti Merkelin bu təndiqlərini cavabsız qoyub. Mətbuat konfransı zamanı tərəflər, həmçinin, Ukrayna ilə Rusiya arasındakı gərginliyə münasibət bildiriblər. Si Çzinpin bu barədə çıxışı zamanı Çinin Ukraynada heç bir xüsusi marağı olmadığını bildirib.

"Çin başqa millətlərin daxili işlərinə qarışmamağı və ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətlə yanaşmağı tövsiyə edir və bu məsələdə beynəlxalq qanunlara sadiqdir. Münaqişəli tərəflər problemlərin diplomatik yolla həllinə çalışmalıdırlar".

Çin prezidentinin Avropa turu çərçivəsində növbəti dayancağı isə, Belçikanın paytaxtı Brüssel olacaq.