Obama Putinlə telefonla danışıb

29 Mart 2014 11:11 (UTC+04:00)
Obama Putinlə Ukrayna problemlərinin sülh yolu ilə həlli haqqında danışıb. 

Movqe.az ans press-ə istinadən xəbər verir ki , ABŞ prezidenti Barak Obama Vladimir Putini rus ordusunu Ukrayna ilə sərhəd ərazilərdən geri çəkməyə çağırıb. 

Ağ evdən bildirilib ki, prezident Obama Rusiyanın konkret olaraq diplomatik böhranla bağlı təkliflər hazırlamasını istəyib. Daha sonra prezidentlər razılaşıb ki, Kerri və Lavrov növbəti addımları müzakirə etmək üçün görüşsün. 

Putin isə Obamaya Kiyevdə və Ukraynanın müxtəlif bölgələrində dinc sakinlərə, hökumət strukturlarına, hüquq-mühafizə orqanlarına qarşı yaranmış təhdidlərdən danışıb. Bu çərçivədə Putin vəziyyətin sabitləşməsi yolunda beynəlxalq ictimaiyyətin mümkün əməkdaşlığının nəzərdən keçirilməsini təklif edib. 

ABŞ prezidenti isə Qərbin Moskvanın Ukraynanın şərq hissəsindəki işğalından narahat olduğunu qeyd edib. 

Barak Obama eyni zamanda Ukrayna hökumətinin böhranın yumşalması, konstitusiya islahatları və demokratik seçkilər istiqamətində çalışdığını söyləyib. ABŞ prezidenti rəsmi Moskvanı bu prosesi dəstəkləməyə, təxribatlardan isə boyun qaçırmağa çağırıb.