Vahid Əhmədov: "Ən çox sevdiyim avtomobil markası "Mercedes"dir.
İndiyədək 3-4 maşın dəyişmişəm. Onların da markası "Mersedes" və
"Toyota" olub. Hazırda "Mercedes" sürürəm".
Musa Quliyev: "Mən ümumiyyətlə, avtomobil sevmirəm, insanları
sevirəm. İstifadə etməyimə baxmayaraq, maşınlara xüsusi marağım
yoxdur. İndiyədək 4 maşın dəyişmişəm".
Hazırda sürüdüyü maşının markasına gəlincə, M.Quliyev onu
açıqlamağa ehtiyac duymadığını bildirdi.
Əhməd Vəliyev: "Mən məcburiyyət qarşısında qalanda avtomobildən
istifadə edirəm. Piyada gəzməyi xoşlayıram, sağlamlıqdır. Əgər
maşın yaxşı işləyirsə, niyə dəyişim?"
Hadi Rəcəbli: "Mən avtomobil həvəskarı deyiləm. Hazırda istifadə
etdiyim avtomobil dövlət maşınıdır, heç markasını bilmirəm.
Oğlanlarım, kürəkənlərim yaxşı maşın həvəskarıdır, özlərinin şəxsi
avtomobili də var. Tale elə gətirib ki, 22 yaşımdan mən dövlət
maşını idarə etmişəm. 45 ildir dövlət maşınından istifadə edirəm.
Ta köhnə "Moskviç"lərin vaxtından, komsomolun birinci katibi
olandan xidməti maşınım olub. Buna görə taleyimdən də, dövlətdən də
razıyam. Amma onların markasını seçmək, bəyənmək kimi bir
xüsusiyyətim olmayıb. Özümün cəmi bir dəfə şəxsi maşınım olub, indi
yoxdur. Daha çox salonu geniş olan avtomobillər mənə rahat gəlir.
Bir çox saytlar cənub bölgəsində nə olsa, yazırlar Hadi
Rəcəblinindir. Onlar hamısı məni varlı görmək istəyirlər (gülür).
Fakt odur ki, mənim varım sizin kimi dostlardır".
Aqil Abbas: "Arzumdur ki, "QAZ-21" maşınım olsun. Yəqin bir
müddətdən sonra onu alacam. İndiyə qədər 4-5 maşın dəyişmişəm, amma
bir az yaşlanandan sonra mütləq "QAZ-21" alacam. Əvvəl istifadə
etdiyim avtomobillər "Volqa", "Jiquli", "Mercedes" olub. Hazırda
"Hunday" sürürəm. Özümdən bir az böyükdür (gülür).
Məlahət İbrahimqızı: "1989-cu ildən 1998-ci ilə qədər baş həkim
olduğum dövrdə "Moskviç" , 1998-ci ildən 2000-ci ilə qədər Ailə,
Qadın Komitəsində birinci müavin olduğum zaman "Volsvagen Polo",
Milli Məclisdə Hesablama komissiyasının sədri olanda "Maxcima"
maşınım olub. Hazırda YAP-ın Nəsimi rayon təşkilatının sədri kimi
"Toyota" avtomobilindən istifadə edirəm. Bunlar xidməti maşınlar
olub, heç vaxt şəxsi maşınım olmayıb. Allaha da min şükür, dövlətə
də ki, bəxtim yaxşı gətirib. Həmişə rəhbər vəzifədə çalışdığım üçün
xidməti maşınım olub. Onu da göz bəbəyim kimi qoruyub, qədrini
bilmişəm.
Ümumiyyətlə, mən maşın haqqında düşünmürəm. Avtomobil mənim üçün
gündəlik işlərin rahat görülməsində bir vasitədir. Elə bir əsrdə
yaşayırıq ki, avtomobilsiz keçinmək olmur. Maşın mənim üçün şöhrət,
üstünlük deyil. Bahalı maşınları heç sevmirəm. Avropa ölkələrində
olan zaman, xüsusilə də avtomobil mərkəzi olan Almaniyada şahidi
oldum ki, insanlar bizdəki kimi böyük maşınlara üstünlük vermirlər.
Hamı rahat, qənaətcil avtomobillərdən istifadə edir. Maşından
istifadə etmək özü bir mədəniyyətdir. Bəzən olur ki, kiçik məsafədə
böyük maşınlardan istifadə edirlər ki. Bu da tıxaclara səbəb olur.
İş yeri ilə ev arasında məsafə heç 500 metr deyil, baxırsan ki,
böyük avtomobillərdən istifadə edirlər. Olmasın demirəm. Mən fəxr
edirəm ki, vətəndaşlarımızın yaşayış vəziyyəti hər gün daha da
yaxşılaşsın. Nəinki şəhərdə, bölgələrdə nə qədər bahalı maşınlar
var. Artıq yeni seriyalar çıxıb. Müşahidə aparsanız görərsiniz ki,
hər 10 maşından 7-si bahalı, iri həcmlidir. İnsan nə qədər ki,
bahalı şeylərdən istifadə edir, borcu da bir o qədər artır. Əgər
mən 100 minlik maşın sürürəmsə, Allah, vətəndaşlar qarşısında
borcum 100 min dəfə artır. Bu baxımdan bahalı maşın tərəfdarı
deyiləm, maşın mənim üçün şöhrət deyil".
Ziyad Səmədzadə: "Maşınları xoşlamıram. Heç bir markanı da
tanımıram. Maşınım yoxdur, heç sürmürəm də".
Fərəc Quliyev: "Ən çox sevdiyim nəqliyyat vasitəsi atdır. Maşınlara
xüsusi bir marağım yoxdur. Bir neçə avtomobil dəyişmişəm. Hazırda
da avtomobilim var, amma xüsusi bir marka olmasında maraqlı
deyiləm".