Vəzirov danışdı

29 Mart 2014 13:00 (UTC+04:00)
Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni hansısa formada yenidən bərpa etmək üçün bütün üsullardan istifadə etdiyi, Moskvanın SSRİ-nin simvollarını bir-bir geri qaytardığı bir vaxtda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş I katibi Əbdürrəhman Vəzirovun da sorağı gəlib.

Movqe.az virtual.az-a istinadən bildirir ki , uzun müddətdir ictimaiyyət arasında görünməyən Vəzirov Rusiya Kommunist Partiyasının gənclər təşkilatının - komsomolun məşhur sovet kosmonavtı, kosmosa uçan ilk insan Yuri Qaqarinin anadan olmasının 80 illiyi münasibətilə təşkil etdiyi toplantıda iştirak və çıxış edib.

Bütün dünyada məşhur olan Yuri Qaqarin 1961-ci il, aprelin 12-də kosmosa uçan ilk insan kimi dünya tarixinə düşüb. O vaxtdan bu yana Qaqarin bütün dünyada məşhur olaraq qalır, onun adı həmişə xatırlanır.



Kosmosa ilk uçuş və Yer kürəsinin orbitinə çıxmış ilk insan mövzusu həmişə aktual olaraq qalıb.

Martın 27-də Rusiya komsomolçularının Moskva şəhər təşkilatı Qaqarinin anadan olmasının 80 illiyi münasibətilə "Komsomolçu. Kosmonavt. Qəhrəman" mövzusunda dəyirmi masa təşkil edib. Dəyirmi masaya kosmonavtika və aviasiya sahəsində mütəxəssislər, məktəblilər və tələbələr, Kuba və Boliviya səfirliklərinin nümayəndələri, Venesuela səfirinin müavini, Çili, Vyetnam, Yəmən təmsilçiləri, o cümlədən Azərbaycan KP MK-nın keçmiş birinci katibi, Yuri Qaqarinin dostu Əbdürrəhman Vəzirov dəvət olunublar.

Çıxışçılar Qaqarinin kosmosa uçduğu günlə bağlı xatirələrindən danışıblar. Boliviyanın Rusiyadakı səfiri Mariya Luis Ramos Ursaqate bildirib ki, o, SSRİ-də oxuyanda Qaqarinin ilk dəfə kosmosa uçmasının insanlarda necə fərəh hissi yaratdığını öz gözləri ilə görmüşdü. Səfir xatırlayıb ki, Boliviya sakinləri də Qaqarin kimi olmağı arzu edirdilər.

Kuba səfirinin müavini Alexandro Simankas isə deyib ki, Qaqarin sovet xalqlarının ən yaxşı nümayəndələrindən biri idi və o, təkcə SSRİ-nin vətəndaşı yox, həm də Kubanın, digər ölkələrin vətəndaşına çevrilmişdi.

Toplantıda sovet kosmonavtika məktəbinin tanınmış simaları, generallar və məşhur kosmonavtlar da çıxış edərək Qaqarin və sovet kosmonavtikasının nailliyyətləri haqda danışıblar.



Azərbaycan KP MK-nın keçmiş I katibi Əbdürrəhman Vəzirova da söz verilib. Qaqarin kosmosa uçanda Vəzirov Ümumittifaq Komsomolu Mərkəzi Komitəsinin katibi olub və komsomol işi ilə fəal məşğul idi. Öz çıxışında o, Yuri Qaqarin haqda ətraflı danışıb. Bildirib ki, Qaqarinlə Ümumittifaq Lenin Komsomolçu Gənclər İttifaqı Mərkəzi Komitəsində işləyərkən Qaqarinlə şəxsən tanış və yaxın dost olub.

Vəzirov Qaqarinin həyatından bir çox qiymətli və maraqlı faktlar danışıb, öz çıxışını müasir komsomola salamlarla başa vurub. Dəyirmi masanın işi iki saatdan çox davam edib.