Azərbaycan Türkiyə küləyindən enerji alacaq

29 Mart 2014 16:03 (UTC+04:00)
Azərbaycan Dövlət Neft Şirkətinin Türkiyədəki törəmə qurumu olan SOCAR Turkey-in sahib olduğu "Petkim Holding" külək elektrik stansiyası qurmaq üçün "Alstom" şirkəti ilə razılığa gəlib. 

Movqe.az ans press-ə istinadən bildirir ki, dəyəri təxminən 55 milyon avro olan stansiya İzmirin Əliağa vilayətindəki Petkim yarımadasına inşa ediləcək. Bu stansiya qurğuların elektrik enerji ehtiyacının qarşılanmasında əhəmiyyətli rol oynayacaq. 

Stansiyanın ümumi gücü 51 meqavat olacaq. İlk faz tamamlandığında Petkim elektrik istehsal tutumunu 12% artıracaq. Külək elektrik stansiyasının ilk fazı 2015-ci ildə, ikinci fazı isə 2016-ci ildə istismara veriləcək. 

Imza mərasimində danışan "SOCAR Turkey"nin prezidenti Kenan Yavuz yenilənəbilən enerjinin əhəmiyyətinə inandıqlarını, bunun sübutu olaraq da Petkim Yarımadasında "Petkim RES" yatırımına imza atdıqlarını söyləyib. "SOCAR Turkey"nin prezidenti stansiyanın ilk fazının 27 meqavat, ikinci fazının isə 24 meqavat olacağını deyib. O bildirib ki, bu yolla da həm öz enerji ihtiyacımızı, həm də bölgənin təmiz enerjiyə olan ehtiyacını ödəyəcəyik.