Azərbaycanlı səfir Tunis prezidentinə etimadnaməsini təqdim etdi
29 Mart 2014 19:03 (UTC+04:00)
Azərbaycanın Mərakeşdəki səfiri Tarik Əliyev eyni zamanda Tunisdə
səfir təyin edilməsi ilə əlaqədar etimadnaməsini bu ölkənin
Prezidenti Mohamed Monsef Marzukiyə təqdim edib.
Movqe.az ans press-ə istinadən xəbər verir ki, etimadnamənin
təqdimatından sonra Tunis prezidenti ilə səfir arasında görüş
olub.
Prezident M.M.Marzuki iki ölkə arasında hərtərəfli əməkdaşlıq
əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını
vurğulayıb. O, ölkəsinin geniş turizm imkanlarına malik olduğunu
bildirib, bu sahədə əməkdaşlığın inkişafının vacibliyini qeyd
edib.
T.Əliyev Azərbaycanın Tunis ilə əlaqələrin inkişafına önəm
verdiyini bildirib, qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün
böyük potensialın olduğunu söyləyib. O, iki ölkə arasında siyasi,
iqtisadi, mədəni, təhsil və digər sahələrdə əlaqələrin
genişləndirilməsi istiqamətində birgə səylərin artırılacağına
əminliyini bildirib.
Prezident M.M.Marzuki T.Əliyevi Azərbaycanın Tunisdəki səfiri təyin
olunması münasibətilə təbrik edib, onun fəaliyyətinin ölkələrimiz
arasında əməkdaşlığın inkişafına töhfə verəcəyinə inandığını
vurğulayıb.