Əbülfəs Qarayev vətəndaşları qəbul edib (FOTO)
29 Mart 2014 19:03 (UTC+04:00)
Martın 28-də mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev Ağsu şəhərindəki Uşaq Gənclər Bədii Yaradıcılıq Mərkəzində
Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz, Şamaxı rayonlarından
vətəndaşları qəbul edib.
Movqe.az ans press-ə istinadən xəbər verir ki,
qəbula yazılmış 30-dək vətəndaş müxtəlif məsələlərlə bağlı xahiş və
təkliflərini nazirə çatdırıblar.
Müraciətlərin əksəriyyəti sözügedən rayonlardakı
mədəniyyət ocaqlarının fəaliyyəti, tarixi-mədəni irsin qorunması,
turizm sahəsinin inkişaf etdirilməsi ilə bağlı
olub.
Orta əsr Ağsu şəhər yerinin qoruq elan edilməsi,
Şamaxı rayonunun Kələxana kəndində türbələrin, Oğuz rayonu Kərimli
kəndi ərazisində yerləşən kurqanların təmir-bərpası, Qobustan
rayonunda xalçaçılıq sexinin açılmasına yardım göstərilməsi kimi
məsələlər qaldırılıb. Bölgədəki mədəniyyət müəssisələrində
ixtisaslı kadrların çatışmadığı, musiqi məktəblərində yeni
şöbələrin açılmasının zərurəti də diqqətə çatdırılıb. Turizmlə
bağlı təşəbbüslər - Qəbələ şəhərində turizm informasiya mərkəzinin
yaradılması, Şamaxı şəhərində suvenir dükanının açılması, Oğuz
rayonu Xalxal kəndində turizm rekreasiya zonasının təşkili və digər
təkliflər də səsləndirilib.
Vətəndaşların belə əhəmiyyətli mövzulara diqqət
ayırmasını təqdirlə qarşılayan Əbülfəs Qarayev bütün xahiş, təklif
və təşəbbüslərin nəzərdən keçiriləcəyini, müvafiq tədbirlər
görüləcəyini deyib.
Nazir mətbuata açıqlamasında bildirib ki, tarixi
abidələrin bərpası ilə bağlı məsələ hər zaman prioritetdir.
Azərbaycanın bu bölgəsi tarixi abidələrlə zəngindir. Onların bir
qismi təmir-bərpa olunsa da, digərlərinin də restavrasiyaya
ehtiyacı var və bu istiqamətində müvafiq dövlət proqramına əsasən
işlər görüləcək.
Əbülfəs Qarayev ikinci prioritet məsələnin
regionda turizm infrastrukturunun genişləndirilməsi ilə bağlı
olduğunu deyib: "Bildiyiniz kimi, bu bölgə ölkənin mühüm turizm
marşrutu üzərində yerləşir. Bu baxımdan turizm inkişafı ilə bağlı
səsləndirilən təkliflər aktualdır. Turizm informasiya mərkəzlərini
yaradılması, daha çox turist cəlb edən tarixi abidələrin bərpası
diqqət mərkəzindədir".
Nazir ayrı-ayrı vətəndaşların sosial məsələlər,
işlə bağlı müraciətlərinin də nəzərdən keçiriləcəyini və mümkün
olduğu qədər onların həllinə köməklik göstəriləcəyini
bildirib.